• 05 Mart 2025 02:22

Bu üç amil Azərbaycanı Trampın qarşısına qoya bilər.

Avropa ölkələri ard-arda Ukraynaya dəstək mesajları verir. Lakin real vəziyyətin necə olacağı şübhəlidir. Avropanın ABŞ nəzarətindən çıxıb müstəqil olacağı ehtimalı hər keçən gün azalır. Hamısı bir-bir gedib Trampla müqavilə imzalaya bilər. Çünki iqtisadi olaraq digər ehtimal daha çox xərc tələb edir. Tramp da bunu yaxşı bilir. Bilməsə Britaniya baş nazirinə “özünüzü Rusiyadan qoruya bilərsiz?” sualını verib pərt eləməzdi.

 

Tramp “dünyadan əlimi çəkirəm” demir. Deyir ki, “artıq yeni şərtlər var və bunları mən qoyuram”. Şərt də aydındır. Daha çox ABŞ malları alacaqsınız, sonrasına baxarıq. Avropa ölkələri də sözdə Trampa nifrət eləyib söysələr də arxadan gedib müqavilə imzalayacaqlar. Bunu da yazaq siyasətin ikiüzlülüyünə.

 

Tramp dünya nizamını sarsıdıb “dərəbəylik” yaratmır. Əksinə, deyir iki tərəf var, biri mən digəri Çin. Siz hansından tərəfsiniz? Yaponiya, Panama, Tayvan kimi ölkələr artıq tərəflərini seçib. Trampa görə Avropa da, elə Ukrayna da seçməlidir. Xoşluqla olmasa, vergi ilə, zorla…

Trampın və elə Avropadakı sağçıların da bir məqsədi var. Əvvəlki güclərini qaytarmaq və ticarəti gücləndirmək, Çinin gerisinə düşməmək. Bunun üçün də “geosiyasi riskləri” sıfırlamağa, yeni resurslar əldə etməyə, Rusiyanı ucuz enerji mənbəyi kimi yenidən sistemə daxil etməyə ehtiyac var.

 

Tendensiya çox pisdir. Hələ ABŞ kimi bir gücün qaydasız filansız şərt qoyması lap pisdir. Amma ABŞ real gücdür və təəssüf ki, qurduqları dünyada real güc daha önəmli məsələdir. Kissincer demişkən “dolu bir silah diplomatiya masasında hər şeydən üstündür”.

Maraqlısı isə Azərbaycanı bu reallıqda nələrin gözlədiyidir.

 

Birincisi Azərbaycan 2-3 ildir Çinlə əməkdaşlığı genişləndirir. Daha doğrusu seçimini Çindən yana etmiş kimi görünür. Qərblə də söz dalaşına girir.

İkincisi 4 ildir ki, Zəngəzur dəhlizi ilə bağlı yeni geosiyasi risk yaradır. Trampın ətrafındakı şəxslərin Ermənistana baxışları da aşağı yuxarı bəllidir.

Üçüncüsü İran faktorudur. Azərbaycan son illər İranla da münasibətləri inkişaf etdirir.

 

Bu üç amil Azərbaycanı Trampın qarşısına qoya bilər. Təbii ki, Trampın “alverçi” kimliyi onunla razılaşmağa imkan verəcək. Azərbaycanın da belə bir razılaşma üçün addımlar atmalı olacaq.

Şərtlər çox tez dəyişir. Gözləyək…

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər