CNN: Rusiya və Çin Trampın işdən çıxardığı hökumət işçilərini ələ almağa başlayıb
Rusiya və Çin ABŞ hökumətinin keçmiş əməkdaşlarını, xüsusilə işdən çıxarılmış və ya işdən çıxarılma təhlükəsi ilə üzləşən şəxsləri ələ almaq səylərini artırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə CNN amerikan kəşfiyyatının son məlumatları ilə tanış olan dörd nəfərə, habelə baxış keçirdiyi sənədə əsasən bildirib.
Telekanala görə, xarici kəşfiyyat orqanları Prezident Donald Tramp administrasiyasının federal idarələrdə həyata keçirdiyi kütləvi ixtisarları öz məqsədləri üçün istifadə etməyə çalışır. Əsas hədəf məxfi informasiyaya çıxışı olan şəxslər, o cümlədən kritik infrastruktur və dövlət bürokratiyası üzrə mütəxəssislərdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Cinayət-Axtarış Xidmətinin hazırladığı sənədə əsasən, kəşfiyyatçılar “böyük əminliklə” hesab edir ki, xarici ölkələr keçmiş dövlət qulluqçularını tapmaq və ələ almaq üçün “LinkedIn”, “TikTok” və “Reddit” kimi platformalardan istifadə edir.
CNN-in məlumatına görə, azı bir xarici kəşfiyyatçı öz agentinə “LinkedIn” platformasında saxta şirkət profili yaratmağı və iş axtaran keçmiş federal işçiləri cəlb etmək üçün saxta vakansiyalar yerləşdirməyi tapşırıb.
Xüsusi xidmət orqanları bu cür kəşfiyyat fəaliyyətlərindən doğan riskləri müzakirə edirlər. Telekanalın sitat gətirdiyi keçmiş FTB əməkdaşı Holden Triplet qeyd edib ki, işdə özlərinə ədalətsizcə davranıldığını düşünən şəxslər gizli bilgini açıqlamağa daha çox meyilli ola bilərlər.