Ukraynada hansı minerallar var?- Tramp onları buna görə istəyir
Nadir torpaq elementləri müasir texnologiya və sənayedə geniş istifadə olunan oxşar kimyəvi xassələrə malik 17 elementə verilən addır.
Smartfonların, kompüterlərin, tibbi cihazların və oxşar məhsulların istehsalında mühüm rol oynayan elementlər bunlardır:
Skandium (Sc), İtriyum (Y), Lantan (La), Serium (Ce), Praseodimium (Pr), Neodim (Nd), Prometium (Pm), Samarium (Sm), Avropium (Eu), Qadolinium (Gd), Terbium (Tb), Diprosium (Dy), Holmium (Ho), Erbium (Er), Tulyum (Tm), Lutesium (Lu).
Onların nadir olmasının səbəbi saf formada olduqca çətinliklə tapılmasıdır. Dünyanın müxtəlif yerlərində bu elementlərin yataqları var. Ancaq nadir torpaq elementləri ümumiyyətlə Torium və Uran kimi radioaktiv elementlərlə birlikdə tapılır. Onları parçalamaq üçün bir çox zəhərli kimyəvi maddələr istifadə olunur ki, bu da bəzən çıxarılmasını çətinləşdirə və bahalı edə bilər.
Ukraynada hansı nadir torpaq elementləri var?
Ukraynada Avropa İttifaqının (Aİ) “kritik xammal” kimi təsvir etdiyi 30 maddədən 21-i var. Bunlar dünya ehtiyatlarının təxminən beş faizini təşkil edir. Bu elementlərin tapıldığı ərazilərin əksəriyyəti Urkayna Kristal Qalxanının cənubunda, əsasən Azov dənizinin altındadır.
Bu ərazilərin çoxu hazırda Rusiyanın işğalı altındadır. Bununla belə, Kiyev, Vinnitsa və Jitomir vilayətlərində də perspektivli layihələr var.
Ekspertlərin fikrincə, bu rayonlarda yüzlərlə perspektivli coğrafi obyekt müəyyən edilib. Bunların bəzilərinin işlənməsi iqtisadi cəhətdən məqsədəuyğun hesab edilərsə, element yataqlarına çevrilə bilər.
“Forbes Ukraine” jurnalının məlumatına görə, Ukraynanın digər əsas mineral ehtiyatlarının təxminən 70 faizi Donetsk, Dnepropetrovsk və Luqansk vilayətlərində yerləşir. Bu ərazilər də əsasən işğal altındadır.
Ukraynada nadir torpaq elementləri ilə yanaşı, Litium kimi kritik minerallar adlanan ehtiyatlar da var.
Ukrayna hökumətinin məlumatına görə, ölkədə 450 min ton litium olsa da hazırda çıxarılmır.
Rusiyanın ən azı iki Litium mədənini işğal etdiyi məlumdur: biri Donetsk vilayətində Şevçenkivskedə, digəri isə Berdyansk vilayətindəki Kruta Balkada.
Kirovoqrad vilayətindəki litium yataqları hələ də Ukraynanın nəzarəti altındadır.
Tramp niyə bu mineralları istəyir?
ABŞ-nin nadir torpaqların və kritik mineralların istehsalına nəzarət etmək istəyi bu elementlərin qlobal tədarükünə rəhbərlik edən Çinlə rəqabətdən irəli gəlir.
Son illərdə Çin nadir torpaq minerallarının hasilatı və emalı üzrə liderə çevrilib. Ölkə qlobal istehsal gücünün 60-70 faizini və emal gücünün 90 faizini təşkil edir.
Bu baxımdan ABŞ-nin Çindən asılılığı Tramp administrasiyasında milli təhlükəsizlik və iqtisadi narahatlıqları artırır.