ABŞ NATO-dan çıxacaqmı? ‘Hə’ cavabı verənlər çoxalsa da, rəsmilər bu fikirlə razı deyillər.
ABŞ müdafiə naziri Pit Heqset (sağda) NATO baş katibi Mark Rütte (ortada) və Avropadakı ABŞ qoşunlarının komandanı Kristofer Kavoli Brüsseldə alyansın toplantısı zamanı.
Bu yaxınlarda respublikaçı senator Mayk Li X-də paylaşdığı postunda belə yazıb: “NATO və BMT-ni tərk etməyin vaxtı çatıb”. Dünyanın ən zəngin adamı və ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi İlon Mask da cavab verib ki, “Razıyam”.
NATO-nun Brüsseldəki baş qərargahında rəsmilər, təəccüblü də olsa, hələlik, sükutu qoruyub saxlayırlar. Onlar alyansın dağılmasının labüd olması fikri ilə razı deyillər. Bunun iki səbəbi var: sözlə iş arasındakı boşluq və NATO müttəfiqləriylə NATO-ya qoşulmaq istəyənlər arasındakı fərq.
Təkcə ötən həftə Tramp Britaniyanın baş naziri Kir Starmerlə birlikdə NATO Sazişinin birgə müdafiə haqda müddəası olan 5-ci maddəyə sadiqliyini dilə gətirib.
“Dinlədi, suallar verdi və qeydlər götürdü”
NATO müdafiə nazirlərinin ötən ay Brüsseldə keçirilən görüşündə bu mövqeni ABŞ müdafiə naziri Pit Heqset istər açıq çıxışlarda, istərsə şəxsi söhbətlərdə dəfələrlə təkrarlayıb.
AzadlıqRadiosunun əməkdaşı Rikard Yozvyakın hazırladığı yazıda deyilir ki, Heqset avropalı müttəfiqlərin müdafiə xərclərini ciddi artırmalı olduğunu qətiyyətlə təkrarlasa da, hər kəs görüşdə gedən müzakirələrin konstruktiv olduğunu deyir.
“O, heç vaxt otağı tərk etmədi, dinlədi, suallar verdi və qeydlər götürdü – [bu isə alyansı] tərk etmək istəyən müttəfiqin davranışı deyildi”, – NATO səfirlərindən biri yazının müəllifinə belə söyləyib.
Bununla yanaşı, NATO diplomatları bu daimi söz-söhbəti izləməyə davam edirlər. “Biz bütün bunların nə demək olduğunu deşifrə etməliyik. Ancaq [boş] səs-küyə məhəl qoymamağı və gerçək davranışlara baxmağı da öyrənmişik. Bu bizim göstərməli olduğumuz strateji dözümdür”, – yüksəkvəzifəli bir şəxsin dedikləridir.
Ukraynaya gəlincə, bu, fərqli məsələdir. “Ukraynayla bağlı xətt dəyişib, NATO ilə bağlı xətt dəyişməyib. Onlar Ukrayna ilə çox sərt davranırlar, ancaq NATO-ya sadiq olmağa davam edirlər”, – NATO səfirlərindən biri belə deyib. Volodimir Zelenskiyə münasibətdə tonun dəyişməsi buna aydın misal sayıla bilər. Ancaq Ukraynaya silah tədarükünün əlaqələndirilməsində Britaniyanın yeni rolu bir başqa göstəricidir.
Bu da aydın görünür ki, Ukrayna tezliklə NATO-ya qoşulmayacaq. Hərçənd, düzünə qalsa, Kiyevin üzvlüyünü son NATO sammitlərində bloklayan Bayden administrasiyası olub. Qərbi Avropa ölkələri də bundan sakitcə rahatlıq tapıblar. ABŞ-nin yeni administrasiyası, sadəcə, bu məsələdə daha açıq danışır.
“Şrödinqerin pişiyi”
NATO-nun şərq qanadındakı ölkələr indi ABŞ qoşunlarının Avropada qalıb-qalmayacağını soruşur. Hələlik, cavab müsbətdir, ancaq çoxları ABŞ-nin Avropadakı qoşunlarının səviyyəsinə yenidən baxılacağı ilə bağlı narahatlığını dilə gətirir.
Bəs bu ölkələr Rusiya hücumuna məruz qalarsa, ABŞ qoşunları onların köməyinə gələcəkmi? Əksəriyyət bu sualın cavabının müsbət olduğuna inanır, amma NATO Sazişinin 5-ci maddəsi həm müttəfiqlərin, həm də düşmənlərin bu maddənin işləyəcəyinə inanmasından asılıdır.
Bir şərqiavropalı dövlət rəsmisi bunu belə ifadə edib: “Bu, “Şrödinqerin pişiyi” kimidir – qutu açılanadək o pişik həm diridir, həm də ölü. …5-ci maddə reallıqda sınaqdan keçənədək bunu bilməyəcəyik”. (AzadlıqRadiosu)