“Abzas Media”nın jurnalistləri etiraz olaraq yenə məhkəmədə iştirak etməyiblər.
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova martın 4-nə təyin olunan məhkəmə prosesində də iştirakdan imtina ediblər.
Onlar etiraz olaraq bundan əvvəkli iki məhkəmə prosesinə də qatılmayıblar.
Müdafiə tərəfinin sözlərinə görə, bunun səbəbi jurnalistlərin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri fiziki zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmamasıdır.
“Abzas Media”nın əməkdaşları ilk dəfə fevralın 11-nə təyin olunan məhkəmə prosesində iştirakdan imtina etmişdilər. Jurnalistlərin proses başlamazdan bir qədər əvvəl yaydıqları bəyanatda qeyd edilirdi ki, onlara qarşı zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.
“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”, – deyə bəyanatda bildirilirdi.
Jurnalistlərin müdafiəçiləri eyni zamanda bildiriblər ki, onlar məhkəməyə avtomobildə qeyri-insani şəraitdə və ayrı-ayrı gətirilmələri, habelə məhkəmənin zirzəmisində saxlanılmaları ilə bağlı da şikayət ediblər.
“Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrın 20-dən etibarən həbs ediliblər.
Ötən il mayında iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Saxlanılanların hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.
Avqust ayında isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir. (ToplumTV)