AZAL təyyarəsinə görə sığortahaqqı ödəndi
Rusiyanın “AlfaSığorta” şirkəti “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Tacxeber.com Interfax-a istinadla xəbər verir ki, bu barədə “AlfaSığorta”nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
“Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti “AlfaSığorta”da sığortalanmışdı. Riskin əsas hissəsi “Rusiya Milli Təkrarsığorta Şirkəti”nə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta ödənişi fevralda həyata keçirilib”, – o qeyd edib.
Bununla belə, baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb.
İ.Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsini səbəbini də izah edib:
“Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır”.
Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, İ.Kabaçnik deyib: “Yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik”.