“Çin Rusiyaya kompüter komponentlərinin tədarükünü dayandırıb” – Ukrayna mətbuatı
“Sosial şəbəkələrdə rusiyalılar narazılıq edir, ölkənin texnoloji cəhətdən təcrid olunmasına görə hakimiyyəti günahlandırır…”
Rusiyanın beynəlxalq ticarətlə bağlı problemləri artır və Çinin “AliExpress” platformasının məhdudiyyətləri rusiyalıların texnologiyaya çıxışına növbəti zərbə olub.
Tacxeber.com xəbər verir ki, bu barədə “dialog.ru” nəşri yazıb.
Çinin “‘AliExpress” ən iri onlayn ticarət platforması rusiyalı istifadəçilər üçün əsas kompüter komponentlərinin- DDR4 və DDR5 operativ yaddaşı, eləcə də SSD disklərinin satışını qadağan edib.
Rusiyanın Ferra.ru nəşrinin məlumatına görə, bu məhsullar fevralın 25-də platformadan yoxa çıxıb və onların yenidən nə vaxt əlçatan olacağı məlum deyil. Bu, alıcılar üçün gözlənilməz olub, çünki “AliExpress” Rusiyaya xarici elektronikanın son tədarük kanallarından biri olub.
Ekspertlər hesab edir ki, bu məhdudiyyətlər ABŞ sanksiyalarının artan təzyiqi ilə bağlıdır. Çinli istehsalçılar və “AliExpress” məcburən Rusiyaya tədarükü dayandırır. Digər tərəfdən, Çin banklarının Rusiya ilə ödənişləri bloklaması da problem yaradır, bu, ikinci dərəcəli sanksiyalar riski ilə bağlıdır. Ödənişlərin çətinləşməsi isə strateji əhəmiyyətli malların alınmasını çətinləşdirir.
Məhdudiyyətlərə səbəb olan başqa bir mümkün amil isə Rusiyanın qanunvericiliyindəki dəyişikliklərdir. 2024-cü ildə bir çox Çinli satıcı “AliExpress” və “Ozon Global” platformalarından çıxıb, çünki yeni qaydalara əsasən, Rusiyada hüquqi şəxs kimi qeydiyyatdan keçməli olub. Sonradan bəzi satıcılar geri qayıtsa da, yeni bürokratik prosedurlar ticarəti yenidən çətinləşdirə bilər.
Rusiyaya təsirləri
Bu qərar rusiyalı istifadəçilər üçün operativ yaddaş, SSD və digər komponentlərin alınmasını daha çətin və baha edəcək. Onlar yerli tədarükçülərə müraciət etməli olacaqlar ki, bu da qiymətlərin artmasına səbəb olacaq.
Bu vəziyyət Putinin hərbi avantüralarının qlobal nəticələrini göstərir. Sanksiyalar Rusiya iqtisadiyyatını sarsıdır və ölkəni dünya bazarından təcrid edir, adi rusiyalılar isə bunun əvəzini qiymət artımı və texnoloji geriləmə ilə ödəməli olur. Artıq sosial şəbəkələrdə narazılıq artır, istifadəçilər malların yoxa çıxmasına qəzəblənir və ölkənin texnoloji cəhətdən təcrid olunmasına görə hakimiyyəti günahlandırır.
Bir çoxları əvvəllər Çindən rahatlıqla texnika sifariş edə bildiklərini, lakin indi hətta əsas komponentlərə çıxışın çətinləşdiyini yazır. Şərhlərdə Rusiyanın niyə beynəlxalq arenada “təcrid olunmuş ölkəyə” çevrildiyi və niyə adi vətəndaşların Kreml siyasətinin nəticələrini ödədiyi barədə suallar getdikcə daha çox səslənir.