Trampa təcili atəşkəs və Ukraynanı istismar edən saziş lazımdır.

Ümid edirəm bu yazdıqlarım reallaşmaz, ya da həqiqət olmaz…
Trampın 2-ci dəfə hakimiyyət dövrü hansısa analitik yanaşma üçün çox az bir müddətdir. Amma buna baxmayaraq, bəzi fikirlərimi sizinlə də paylaşıram.
Tramp kifayət qədər təhlükəlidir. Onu təhlükəli edən faktorlar aşağıdakılardır:
1. Tramp demokratiyaya nifrət edir və bundan əvvəlki seçkini uduzanda dövlət çevrilişinə cəhtdə belə adı hallandı. Adam bütün demokratik institutlara (müstəqil məhkəmə və azad mətbuata) nifrət edir.
2. Tramp əgər demokratiyaya nifrət edirsə, deməli avtoritar və diktatorial idarəetməyə daha meyillidi. Tramp bütün demokratik dünya ilə münasibətlərini gərginləşdirdiyi bir anda, qeyri demokratik dövlətlərlə (Çin, Rusiya) daha loyal yanaşma ortaya qoymağa çalışır.
3. Tramp seçilən kimi ilk işi sosial medianı və texno milyaderləri tərəfinə çəkdi, ya da nəzarətə götürdü. Sanki hamı bir-bir ona biət etməyə və xərac verməyə başladı.
4. Trampın andiçməsinə Nyo-York Times kimi sanballı medianın rəhbəri dəvət olundu. Tramp təsadüfi insanları dəvət etməz.
5. Liberal beynəlxalq sistem və ABŞ-ın dünyadakı rolu Trampı zərrə qədər də maraqlandırmır. Tramp düşünür ki, hazırkı beynəlxalq sistem hamıdan güclü olan ABŞ-ın əl qolunu bağlayır. Məsələn, Tramp Meksiyaya hücum etmək istəyir, Qrelandiyanı götürmək istəyir, amma beynəlxalq normalar buna imkan vermir.
Bütün bunlardan sonra gələk Rusiya-Ukrayna müharibəsinə. Düşünürəm ki, Trampa təcili atəşkəs və Ukraynanı istismar edən saziş lazımdır. Sual ortaya çıxır ki, bu atəşkəs niyə Trampa bu qədər təcili lazımdır. Bu addımların yuxarıdakı qeydlərlə nə əlaqəsi?
Ola bilsin ki, Trampa xarici siyasətdə “uğur” lazımdır ki, ondan istifadə edərək daxili institutlara qarşı səlib yürüşü təşkil etsin. Həm müharibəni saxlamaq, həm də Ukraynanın milyardlıq resurslarını ABŞ üçün istifadə etməklə bağlı piar Trampa qeyd etdiyim institutlara qarşı ciddi addımlar atmağa şərait yaradacaq. Bu isə gözümüzün qarşısında beynəlxalq sistemin çökməsidir.
Əgər bunlar baş verəcəksə, bizim region yenidən konflikt zonasına çevriləcək. İran, Rusiya, Türkiyə münasibətləri gərginləşəcək. Bu gün İran və Rusiyanı birləşdirən yeganə səbəb ABŞ-a qarşı olan düşmənlikdir. Rusiya bu konfliktdən Trampın planı üzrə güclü çıxarsa, növbəti hədəf Ermənistan olacaq.
ABŞ-ın hegemon aktor kimi beynəlxalq sistemdən çəkilməsi Avropa İttifaqını da çökdürə bilər. Yenidən ciddi rəqabət və milli maraqlar ön plana çıxacaq. Bu gün Avropa hansısa bir insan hüquqları pərdəsi altında vahid mövqe nümayiş etdirirdisə, sabah “real politik”in təsiri güclənəcək. Belə olan halda insan hüquqları, demokratiya heçkimi maraqlandırmayacaq. Almaniyanı vahid Avropa deyil, Almaniyanın milli maraqları narahat edəcək. Bu rəqabət mütləq 3-cü dünya müharibəsi ilə bitəcək.
Bu, eyni zamanda İlham Əliyev kimi avtoritar liderlər üçün də geniş imkanlar yaradacaq. Kimsə onun daxili işinə qarışa bilməz və o da istədiyini öldürər, həbs edər və varını yoxunu əlindən alar.