• 06 Mart 2025 19:16

Döymə ilə bağlı qorxunc xəbərdarlıq – Risklər açıqlandı

Alimlər tatu (döymə) mürəkkəbinə məruz qalan şəxslərin limfa və dəri xərçənginə tutulma ehtimalının döyməsi olmayan insanlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər.

 

Tacxeber.com “Science Daily”-ə istinadən xəbər verir ki, Cənubi Danimarka Universiteti və Finlandiyanın Helsinkidəki Universitetinin alimləri döymə mürəkkəbinin insan orqanizmində yaratdığı təsirləri araşdırmaq üçün 5900 əkiz bacı-qardaşın sağlamlıq göstəricilərini təhlil ediblər.

 

Araşdırma nəticəsində döymə etdirən insanların dəri xərçənginə tutulma riskinin döyməsi olmayan insanlara nisbətən 1,62 dəfə yüksək olduğu müəyyən edilib.

 

Mütəxəssislər döymənin böyüklüyü ilə xərçəng riski arasındakı əlaqəni də araşdırıblar. Nəticələrə görə, ovucların ölçüsündən daha böyük döymələri olan şəxslərdə dəri xərçənginə tutulma ehtimalı 2,37 dəfə, limfa xərçəngi riski isə 2,73 dəfə yüksəkdir.

 

Tədqiqat zamanı döymə mürəkkəbinin rənginin xərçəngin inkişafı ilə birbaşa əlaqəsinin olmadığı müəyyən edilib.

 

Alimlər bildirirlər ki, döymə mürəkkəbinin tərkibindəki xırda hissəciklər qan dövranına keçərək limfa düyünlərində toplanır və uzun müddət orqanizmin immun sisteminə yük salaraq xərçəng riskini artırır.

 

Bununla belə, tədqiqatçılar döymə mürəkkəbinin xərçəng üçün müstəqil risk faktoru olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün daha geniş araşdırmalar aparılmasına ehtiyac olduğunu vurğulayırlar. Alimlər, eyni zamanda, məsələ ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq qurumlara çağırış ediblər.

 

Araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

Tacxeber.com

Oxşar xəbərlər