• 06 Mart 2025 17:16

Azərbaycanda maaş niyə Ermənistan və Gürcüstandan azdır? – Ekspertlər arasında mübahisə

Azərbaycanda maaş niyə Ermənistan və Gürcüstandan azdır? –  Ekspertlər arasında mübahisə

“2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1009 manat (593,6 dollar) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki ilin sonuna daha da artar”.

 

Tacxeber.com “Yeni Sabah”-a istinadən bildirir ki, bu barədə tanınmış iqtisadçı Samir Əliyev “Facebook” hesabında yazıb. O, Cənubi Qafqaz ölkələrində orta aylıq əməkhaqqın göstəriciləri ilə bağlı diaqram da yerləşdirib. Ekspertin sözlərinə görə, Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi (1971 dollar), yəni neft-qaz sektorudur. “Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur (1370 dollar). Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir”, – o əlavə edib.

 

İqtisadçı daha sonra qonşu ölkələrin müvafiq göstəricilərinə nəzər salıb: “Gürcüstanda yüksək maaşlı sahə informasiya və kommunikasiya (1490 dollar), tikinti (1174 dollar), maliyyə (1170 dollar) və elmi-texniki fəaliyyət sahələri (1282 dollar) hesab olunur. Ermənistanda əhali ən çox maaşı maliyyə (3200 dollar) və informasiya və rabitə (2400 dollar) sektorlarından alır”.

 

İqtisadçı İlham Şaban isə həmkarı ilə razılaşmır: “Bu qrafikdən nə nəticə çıxartmaq olar? 2021-ci ildə Cənubi Qafqaz ölkələri əmək haqlarının məbləğinə görə faktiki eyni start vəziyyətində idilər. Bəs necə oldu ki, 2022-2024-də vəziyyət dəyişdi və Ermənistanla Gürcüstan kifayət qədər irəlilyə bildilər? Azərbaycan konservativ iqtisadi siyasətə malikdir, yəni ümumi iqtisadiyyatı kiçik templərlə artır, özəl sektorun manevr imkanları aşağıdır və hansısa layihələrin icrasının sürətinin neft gəlirlərindən asılılığı mövcuddur (Qarabağdakı quruculuq layihələrindən kənar)”.

 

Ekspert vurğulayır ki, Azərbaycanda vergi ödəyicilərinin yarısı dövlət sektoruna bağlıdır. Onun sözlərinə görə, özəl sektor gəlirlər məsələsində təqribən 35% neft-qaz sektoruna xidmətdən qazanır.

“Bu baxımdan Azərbaycanda özəl sektorun əsası kiçik biznesdə cəmləşib və əməkhaqqının artımı burada daim aşağı templə müşahidə edilir. Məsələn, 2007-2010-cu illərdə mağazada işləyən personal 300-350 manat əmək haqqı alırdısa, 15-18 il sonra 450-500 manat arasında əməkhaqqına işləyir”, – bildirib.

 

İ.Şaban hesab edir ki, Ermənistanla Gürcüstanda vəziyyət fərqlidir və bu fərqlilik özəl sektordakı çeviklikdən görünür.

 

“Rusiya – Ukrayna müharibəsi başlayandan sonra hər iki ölkəyə axın oldu. Relokantlar minlərlə kiçik və orta müəssisə yaratdılar və nəticə qrafikdəki kimi (Azərbaycan digər qonuşlardan geridədir) oldu”, – iqtisadçı vurğulayıb.

 

Digər iqtisadçı Toğrul Vəliyev isə İlham Şabanın fikirləri ilə razılaşmır: “Paralel idxal Gürcüstan və Ermənistanda orta əməkhaqlarına necə təsir edib ki? Ermənistan haqqında dəqiq məlumatım yoxdur, amma Gürcüstanda məşğul olanların böyük hissəsinin paralel idxala heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə, qrafikdən göründüyü odur ki, ciddi təsiri yoxdur. Yəni Azərbaycanda maaş davamlı olaraq daha aşağı idi. Sadəcə orada inflyasiyaya cavab olaraq daha ciddi artım var. Relokantların da Gürcüstan iqtisadiyyatına təsiri minimal idi – yalnız qiymət artımına səbəb oldular və sonra da çıxıb getdilər. Bizdə orta aylıq əməkhaqqı minimaldan asılıdır, orada belə bir anlayış yoxdur. Bu azmış kimi medianları müqayisə etsək, qat-qat fərq olacaq”.

 

T.Vəliyev sual edir ki, “nəqliyyat dəhlizi” olan Azərbaycan niyə paralel idxaldan istifadə etməyib?

 

“Ermənistanda isə İT sektoruna təsir etdiyini təxmin edə bilərəm. Kifayət qədər çoxlu sayda iş yeri açıldı. Bəs Azərbaycan bundan niyə istifadə edə bilmədi”, – ekspert daha bir sual ünvanlayıb.

 

Mübahisələrə qoşulan iqtisadçı Samir Əliyev isə xatırladır ki, 2018-ci ildə orta aylıq əməkhaqqı belə olub: Azərbaycan – 320,1, Ermənistan 357,1, Gürcüstanda isə 399,1 dollar.

 

“Yəni Rusiya-Ukrayna müharibəsindən xeyli öncə Azərbaycanda orta aylıq əməkhaqqı qonşu ölkələrdən aşağı idi”, – o vurğulayıb.

AzPolitika.info

Tacxeber.com

Oxşar xəbərlər