• 06 Mart 2025 16:47

“Biz niyə problemləri həll etmək üçün əməkdaşlıq edəcəyimiz qurumları qovuruq ki?” Araz Əliyev”

Azərbaycanda fəaliyyət göstərən BMT qurumlarından biri də UNİCEF (Uşaq fondu) idi. Azərbaycan tərəfi iddia edir ki, UNİCEF-in də digər qurumlar kimi ölkədə fəaliyyətinə ehtiyac yoxdur. Çünki “bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb”. Lap yaxşı.. 

 

İndi gəlin baxaq UNİCEF-in Azərbaycanda görəcəyi iş qalıb, yoxsa qalmayıb?

 

Azərbaycada 2023-cü ildə (Statistika Komitəsinin son rəqəmləri) körpə ölümlərinin sayı son 10 ildə ən yüksək səviyyəyə – 2039-a çatıb. 5-yaşadək uşaq ölümlərinin sayı da son 10 ildəki ən yüksək səviyyə olan 2395-ə yüksəlib. Ana ölümlərinin sayı isə 33-ə (son 15 ildəki ən yüksək nəticə) yüksəlib. 18 yaşadək uşqlar arasında ölüm statistikası 3156 ilə müstəqillik tarixinin rekord həddindədir. Körpələr və uşaq evlərindəki fərdlərin sayı 933 nəfərlə müstəqillik tarixinin rekord həddindədir. 2023-cü ildə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 494 nəfər olub (son 10 ilin ən yüksək həddi).

 

3-5 yaşlı uşaqların cəmi 35%-i məktəbəqədər təhsillə əhatə olunub. Təhsildən yayınan şagirdlərin sayı da son 10 ildə artaraq 605 nəfərə çatıb. Məişət zorakılığı bağlı rəsmi müraciət edən uşaqların sayı 2021-ci ildə 48 ikən, 2023-də 250-yə yüksəlib. Qeyri-rəsmi zorakılıq səviyyəsi isə daha da bərbaddır.

 

13 yaşadək uşaqlar arasında parazit və infeksion xəstəliklər, tənəffüs yolu və həzm sistemi xəstəlikləri son 5 ilin ən yüksək göstəricisinə malikdir. 18 yaşlı uşaqlar arasında anemiya və A vitamini çatışmazlığı son 5 ilin ən yüksək həddədir.

 

Mən əminəm ki, Əmək Fondu, İnkişaf proqramı, Əhali Fondu ilə də oxşar tərkibli məlumatlar mövcuddur. Əgər problemlər olduğu kimi qalırsa, bu problemləri həll etmək üçün əməkdaşlıq edəcəyimiz qurumları niyə qovuruq ki?

 

Məncə bu addımın səbəbi sadəcə qürurdur, hikkədir. “Necə yəni biz BMT-yə möhtacıq?”, “Biz e?”, “Ala neft-qaz ölkəsi olan biz?”, “Qalib xalq?”…

 

UNİCEF qalır qalsın, təki sənin ölkəndə uşaqların vəziyyəti o qədər yaxşı olsun ki, UNİCEF özü desin ki, gedirəm daha, mənlik bir iş yoxdur. Qoy hər il UNİCEF-in hesabatlarında Azərbaycan ilk sıralarda olsun. Dost da, düşmən də görüb paxıllıq eləsin. Pis olar bəyəm? Nədir uşaq bağçası zaddır dünya kimsə bizi əli ilə göstərib deyəcək ki, “Ora bax hələ də UNİCEF-dən yardım alır, ehe!”

Nə bilim vallah…

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər