• 07 Mart 2025 00:59

İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı.

İlham Əliyevin agentlik sədrinə verdiyi töhmətin sirri.

 

İki gün öncə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verildi.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 illik hakimiyyəti dövründə belə sərəncamlar az olub. Ölkə rəhbərliyi bəyənmədiyi məmurları işdən azad edib, münaqişə yaradanları isə Əli İnsanov, Fərhad Əliyev kimi kabinetdən həbsə yollayıb. Bəs nə baş verib ki, Fuad Nağıyevə qarşı ancaq töhmətlə kifayətlənilib?

 

Fuad Nağıyev

 

Öncə onu bildirək ki, Fuad Nağıyev təsadüfən bu vəzifəyə təyin edilməyib. Bu il 50 yaşı tamam olacaq Nağıyevin qayınanası Rəna Səfərəliyeva 2010-cu ildə vəfat etmiş elmlər doktoru, akademik Zemfira Verdiyevanın qızıdır. Zemfira Verdiyevanın yüksəlişi sovetlər dövründə Heydər Əliyevin yüksəlişi ilə eyni illərə təsadüf edir.

 

Heydər Əliyevlə Verdiyevanın yaxın tanışlığı olub. O, Heydər Əliyev tərəfindən 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Dillər (İndiki Xarici Dillər) İnstitutuna rektor təyin edilib. Verdiyeva düz 22 il rektor kimi fəaliyyət göstərib. O, Azərbaycan rəhbərliyi tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişlər sırasındadır. Ölkənin hakim ailəsilə Verdiyevanın iki qızının da yaxın münasibətləri burdan yaranıb. Fuad Nağıyevin karyera yüksəlişi də məhz mərhum Zemfira Verdiyevaya görədir.

 

2018-ci ildə vəzifəyə təyin olunan Nağıyevin əslində, əyləncə sevən biri olduğu deyilir. Zatən Azərbaycan kimi yerdə, quru sərhədləri bağlı ölkədə turizm sahəsinə rəhbərlik etmək əyləncəli işdir. Və vəzifəyə təyin olunduğu 7 ildən sonra ona töhmət verilməsi diqqət çəkir. Azərbaycanda hökumət saytları Nağıyevin qayınanasının Azərbaycana qarşı tənqidi mövqe tutduğu iddia edilən “Transparency International” təşkilatı ilə əməkdaşlıq etdiyi yazır. İddia edirlər ki, qurum bu təşkilata hansısa mühüm dövlət sirrləri sızdırıbmış. Lakin bunun reallığa o qədər də yaxınlığı yoxdur. Çünki Azərbaycanda vəzifəyə təyin edilən şəxsin hakim ailəyə sadiqliyi sonuna qədər yoxlanılır. Həmçinin Turizm Agentliyində hansı ciddi əhəmiyyətli dövlət sirrləri var imiş ki, o, xaricə ötürülüb və bundan ölkənin aidiyyatı qurumlarının xəbəri olmayıb?

 

Azərbaycan hakimiyyətinə yaxın mənbələr bildirirlər ki, əslində Nağıyevin fəaliyyətilə bağlı ifşanı İsrailin təhlükəsizlik qurumları ortaya çıxarıb. Əyləncəyə meyilli olan Nağıyevin İran kəşfiyyatına yaxın qadınların təsirinə düşdüyü qeyd olunur. Bildirilir ki, yüngül əxlaqlı qadınlarla əhatə olunan Nağıyevin qeyri-əxlaqi video görüntüləri ortaya çıxıb.

 

Hikmət Hacıyev İsraildə. Şəkil 8 dekabr 2024-cü ildə İsrail xarici işlər nazirinin müavini Şaren Haskelin “X” hesabında paylaşıb

 

Azərbaycanda geniş şəbəkəsi olan İsrail xüsusi xidmətləri Nağıyevin bu fəaliyyətilə bağlı əldə etdikləri materialları İsraildə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə çatdırıblar. Hacıyev də ölkəyə döndükdən sonra həmin məlumatları ölkə başçısı ilə bölüşüb. Nağıyev Prezident Administrasiyasına çağrılaraq şiddətə məruz qalıb. Döyüldüyü üçün işə çıxa bilməyən agentlik sədri işçilərə COVİD19 virusuna yoluxduğunu deyib. Söyləyib ki, buna görə heç kəslə görüşə bilmir. Bədənindəki gözlə görünəcək zədələr sağaldıqdan sonra işə çıxan Fuad Nağıyev dərhal şiddətli töhmətlə “mükafatlandırılıb”. Onun hələlik işdən çıxarılıb həbs edilməməsinin başlıca səbəbi mərhum Zemfira Verdiyevaya hakim ailənin sayğısındandır. Amma bu sayğının sonsuz olmayacağı da ortadadır. Çünki Dövlət Təhlükəsizlik Xidmətində hadisə ilə bağlı cinayət işinin açıldığı, Nağıyevin və əyləncə yoldaşlarının sorğuya çəkildiyi verilən məlumatlar arasındadır.

 

Müəllif: EDMON DANTES

Tacxeber.com

Oxşar xəbərlər