• 06 Mart 2025 17:15

Valideyn deyir, uşaq oxuyub Vətənə dönsün – “Amma bu, ailədə münaqişəyə səbəb ola bilər”

“Bəzi valideynlər övladlarını xaricdə oxutduqdan sonra onların vətənə qayıtmasını istəyir, lakin gənclər Azərbaycandakı iş şəraitindən və maaş səviyyəsindən narazı olduqları üçün geri dönmürlər. Bu, ailədaxili münaqişələrə də səbəb ola bilər”.

 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

 

O vurğulayıb: “Xaricdə oxuyan övladlarının tamamilə yad bir mühitə uyğunlaşmasından və Azərbaycanla əlaqələrinin zəifləməsindən valideynlər narahatdır. Belə hallara xüsusilə Avropada və ABŞ-da təhsil alan tələbələr arasında daha çox rast gəlinir.

 

Xaricdə təhsil alan gənclərin iş tapmaq çətinliyini həll etmək üçün bir neçə yanaşma tətbiq edilməlidir. İlk növbədə, dövlət səviyyəsində xaricdə təhsil almış məzunların yerli bazara inteqrasiyası məqsədilə xüsusi proqramlar hazırlanmalıdır. Xaricdə oxuyan tələbələr üçün Azərbaycanda praktiki təcrübə imkanları yaradılmalı, onların yerli bazarın tələblərinə uyğun adaptasiya olması üçün kurslar təşkil edilməlidir. Türkiyə və Cənubi Koreya kimi ölkələrdə belə proqramlar mövcuddur və bu yolla xaricdə təhsil almış gənclərin yerli bazara uyğunlaşmasına kömək edilir”.

 

Ekspertin fikrincə, digər vacib məqam valideynlərin xaricdə təhsil məsələsinə daha strateji yanaşmasıdır:

 

“Xaricdə təhsil almaq məqsəd yox, vasitə olmalıdır. Əgər tələbə Azərbaycanda işləməyi planlaşdırırsa, onun seçdiyi universitetin ölkədə tanınmasına, ixtisasının əmək bazarında tələbatına və praktiki bacarıqlara xüsusi diqqət yetirilməlidir. Əks halda, təkcə diplom əldə etmək uğurlu karyera üçün kifayət etməyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər