Azərbaycan hökuməti AXCP üzvünə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 6-da Azərbaycandan gələn bir sıra şikayətlərlə bağlı qərarlarını açıqlayıb. Həmin qərarlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlıdır. AİHM AXCP üzvünə qarşı qanun pozuntusunu tanıyıb.
Məhkəmə qərarında qeyd edib ki, M.İbrahimin 2015-ci il sentyabrın 30-da saat 23:30-dan oktyabrın 3-ü saat 15:00-dək 48 saatdan çox müddətə məhkəmə qərarı olmadan saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsinin birinci bəndini pozub.
Ancaq Məhkəmə ərizədə qaldırılan “əsas” hüquqi məsələyə baxdığını əsas gətirərək həbs-qətimkan tədbirinin qanunsuzluğuna dair şikayətə baxmağa ehtiyac görməyib.
Qərara əsasən, hökumət İbrahimə maddi zərərə görə 2 min, hüquqi xərclərə görə 250 avro ödəməli olacaq.
Həmin il oktyabrın 3-də məhkəmə qarşısına çıxarılan müxalifətçi bərəsində xuliqanlıq ittihamı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
“Saxlanılmağım qanunsuz idi. İrəli sürdükləri ittihama dair heç bir sübut yox idi”, – M.İbrahim deyib.
AXCP üzvü Strasburq məhkəməsinin barəsində həbs-qətimkan tədbirinə hüquqi qiymət verməməsindən narazılığını ifadə edib.
2015-ci ildə açılan cinayət işi nəticəsində M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülərək həbs müddəti uzadılıb və, nəhayət, o, 2019-cu ildə azadlığa buraxılıb. (Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb)
AİHM-nin qərarlarına Azərbaycanın hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb. (AzadlıqRadiosu)