• 30 Aprel 2025 23:19

Norveç Helsinki Komitəsi Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb.

Hazırda Azərbaycanda səkkiz qadın jurnalist peşə fəaliyyətinə görə həbsdədir.

 

Norveç Helsinki Komitəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanda qadın jurnalistlərin həbsini pisləyən bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, 2023-cü ildən hökumət müstəqil mediyaya qarşı repressiyaları davam etdirir və Meydan TV, “AbzasMedia”, “Toplum TV”-nin həbs edilən jurnalistlərinin arasında qadın əməkdaşlar da var.

 

“Həbs olunmuş qadın jurnalistlərin bəzilərinin səhhətində ciddi problemləri var və onlara təcili olaraq tibbi yardım göstərilməlidir. Həbsxanada təhlükəli şərait, eyni zamanda da adekvat tibbi xidmətin olmaması məhkəməyəqədər həbs müddətində onların həyatlarına ciddi risk yarada bilər”.

 

“Qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılması sözlə əməlin ziddiyyətli ironiyasıdır. Hesab edirik ki, məhz 8 Martda Azərbaycanın öz ritorikası ilə hərəkətlərini uyğunlaşdırmaq imkanı var. Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçı və qorxaqlıqdır”, – bəyanatda deyilir.

 

Hazırda Azərbaycanda səkkiz qadın jurnalist – “AbzasMedia”-nın əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, müstəqil jurnalist Fatimə Mövlamlı (“Meydan TV işi” ilə əlaqədar-red.) öz peşə fəaliyyətinə görə həbsdədir.

 

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

 

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onlar deyirlər ki, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

 

Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platformasının 2025-ci il martın 5-də dərc etdiyi hesabatında bildirilib ki, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir.

 

Tacxeber.com

Oxşar xəbərlər