Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti alıb.
Ukrayna Böyük Britaniyadan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ilk tranşı alıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.
“Bu gün biz G7 ERA təşəbbüsü çərçivəsində 752 milyon funt sterlinq (971,3 milyon dollar) aldıq. Bu vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək”, – deyə baş nazir bildirib.
“The Times”ın məlumatına görə, Böyük Britaniyada Rusiya Mərkəzi Bankına məxsus təxminən 26 milyard funt sterlinq dəyərində aktivlər, eləcə də sanksiyaya məruz qalan şəxslərə aid əlavə 18 milyard funt sterlinq dondurulub.
2024-cü ilin oktyabrında G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollarlıq kredit çərçivəsinin razılaşdırıldığını təsdiqləyən birgə bəyanat yayıblar. Bildirilib ki, kreditlər G7 ölkələrinin hüquqi çərçivələri və beynəlxalq qanunvericiliyə uyğun olaraq, dondurulmuş Rusiya dövlət aktivlərindən əldə ediləcək gəlirlər hesabına ödəniləcək. ABŞ bu kreditin 20 milyard dollarını təmin edəcəyini açıqlayıb, qalan 30 milyard dollar isə G7 və Avropa İttifaqının birgə səyləri ilə toplanacaq.
Məsələyə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya ötürülməsinin hüquqi iddialar üçün əsas təşkil edə biləcəyini vurğulayıb. (Valyuta.az)