Həkimlər TƏŞVİŞDƏDİR: Dünyada insanların 60%-i bundan əziyyət çəkəcək

2050-ci ilə qədər dünya üzrə böyüklərin 60%-i, uşaq və yeniyetmələrin isə 31%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “Lancet”də dərc olunan yeni araşdırmada iddia edilib.
Qeyd edilib ki, bu, 3,8 milyard böyüklər və 746 milyon gənc deməkdir. 1990-cı ildə bu rəqəmlər böyüklər arasında 731 milyon və gənclərin 198 milyonunu təşkil edirdi.
Araşdırmanın müəllifi Emmanuela Qakidou vəziyyəti “dərin faciə və cəmiyyətin monumental uğursuzluğu” adlandırıb. Mütəxəssis bildirib ki, 2050-ci ilə qədər Asiya və Afrikada piylənmənin kəskin şəkildə artacağı gözlənilir: “Yüksək gəlirli ölkələrdə ən yüksək göstəricilər ABŞ, Çili və Argentinada proqnozlaşdırılır. Avropada Yunanıstan piylənmə üzrə lider olacaq: qadınların 48%-i və kişilərin 41%-i”.
2050-ci ilə qədər hər dörd obez yetkindən biri 65 yaşdan yuxarı olacaq və bu, xüsusilə yoxsul ölkələrdə səhiyyə sistemlərinin yükünü artıracaq. Artıq piylənmə hər il 1,6 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Araşdırma nəticəsində məlum olub ki, gənclər arasında da piylənmə artmaqdadır. 2050-ci ilə qədər, xüsusilə Şimali Afrika, Yaxın Şərq və Latın Amerikasında piylənmə nisbətlərinin 121% artacağı gözlənilir. Avropada Yunanıstan və San Marino gənclər arasında piylənməyə görə lider olacaq.