• 11 Mart 2025 02:12

Tofiq Yaqubluya hökm oxundu.

Onunla birgə ittiham olunan Elnur Məmmmədova 8 il həbs cəzası verilib.

 

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan Elnur Məmmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyətinin iştirakı ilə keçirilən məhkəmə prosesində Tofiq Yaqublu son sözlə çıxış edib.

 

Siyasi fəal məhkəməyə son sözündə indiyədək barəsində 4 dəfə cinayət işi qaldırıldığını, bundan əvvəlki 3 məhkəmənin onu təqsirli bildiyini, barəsində cəza hökmü çıxardığını deyib.

 

“Qətiyyətlə deyirəm, bütün bu cinayət və inzibati hüquqpozma ittihamlarının şəxsən İlham Əliyevə, burada özünü hakim kimi elan edənlərə, guya ki, dövlət ittihamçısı kimi çıxış edən adama, məhkəmə katibinə və bu zalda əyləşənlərə nə qədər aidiyyatı varsa, mənə də o qədər aiddir. İstisnasız olaraq bütün ittihamlar havadan götürülüb və bütün bunlar mənim müxalifətçi siyasətçi olmağımla bağlıdır”, – o, məhkəmədəki soz sözündə bildirib.

 

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

 

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

 

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

 

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

 

İstintaqın gedişatında Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq)və 320 (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində də həbs qətimkan tədbiri seçilib.

 

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

 

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

 

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər