• 12 Mart 2025 19:42

Duman Bakını cənginə aldı – Havada təhlükə var?

Son günlər Bakını bürüyən davamlı dumanlı hava şəraiti şəhər həyatına öz təsirini göstərməkdədir. Görünüş məsafəsinin məhdudlaşması həm piyadalar, həm də sürücülər üçün müxtəlif çətinliklər yaradır. Sakinlər isə bu qeyri-adi hava şəraitindən narahatdırlar.

 

Bəs, bu dumanlı havanın səbəbi nədir və bu vəziyyət daha nə qədər davam edəcək?

 

Yenisabah.az bu məsələni meteoroloq Cavid Hüseynov ilə müzakirə edib. Ekspert suallara belə aydınlıq gətirib:

 

“Duman – təbiətdə tez–tez baş verən, yer səthinə yaxın hava qatında su buxarının kondensasiya və ya sublimasiyaya uğraması nəticəsində görünüş məsafəsini 1000 m-dək pisləşdirən, mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunan atmosfer hadisəsidir.

 

Dumanlar əmələ gəldiyi sinoptik şəraitdən asılı olaraq müxtəlif (advektiv, radiasiya, advektiv-radiasion, cəbhə mənşəli və s.) ola bilir.

 

Radiasiya dumanları havanın soyuması nəticəsində yaranan dumanlara aid edilir. Buludsuz gecələrdə yer səthi Günəş batdıqdan sonra öz istiliyini şüalandıraraq soyumağa başlayır. Bu zaman havanın sərhəd təbəqəsinin temperaturu aşağı düşür və rütubətliliyi kifayət qədər çoxdursa, onda radiasiya dumanının əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Belə dumanlar, əsasən, gecə saatlarında (saat 02-03 radələrindən sonra) formalaşmaqla, davamiyyət dövrü çox zaman 5-8 saatadək olur. Radiasiya dumanları, əsasən, ilin soyuq və keçid dövrləri üçün daha xarakterik hesab edilirlər. Belə dumanların təkrarlanmasının maksimum yer səthi ilə hava kütləsi arasında böyük temperatur fərqləri olduqda və küləyin sürətinin 1-3 m/san olduğu hallarda müşahidə edilir. Radiasion dumanlar havanın 1-2°C qızması və ya küləyin 5 m/s-dən artıq güclənməsi ilə dağılır.

 

Advektiv dumanlar- isti və rütubətli hava kütləsinin soyuq səth örtüyü üzərinə adveksiyası (hərəkəti) zamanı yaranır. Radiasiyon dumanlardan fərqli olaraq, onlar 5-10 m/san və daha artıq külək zamanı müşahidə olunur. Bu dumanlar sutkanın istənilən vaxtında yaranır, uzun müddət (bir neçə gün) qala bilir və böyük ərazilərdə yayılır. Saatda 20-40 km sürətlə hərəkət edən belə dumanlar az müddət ərzində böyük ərazilərə yayılır, burada uzun müddət qalır.

 

Dumanlar aviasiya və digər nəqliyyat növləri üçün böyük təhlükə yarada bilir. Belə dumanlar üzərində uçuşlar və əlverişli şəraitdə aerodroma eniş etmək yalnız aeronaviqasiya cihazlarının köməyi ilə mümkün olur”.

C.Hüseynov indiki hava şəraitinin yaz ayları üçün normal hesab olunduğunu da vurğulayıb:

 

“Hal-hazırda ölkəmizin əksər bölgələrində advektiv-radiasion duman müşahidə olunur. Yaz fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

 

Advektiv-radiasiyon dumanlar adveksiyanın və radiasiyon soyunmanın birgə təsiri nəticəsində əmələ gəlir, antisiklonun cənub-qərb və qərb periferiyalarında formalaşır. İlin  keçid fəsilləri üçün  xarakterik olan atmosfer hadisəsi hesab edilir. Adətən səhər saaatlarında yaranır, böyük əraziləri əhatə edir, böyük sıxlığı ilə fərqlənir və uzun müddət qala bilir”.

Tacxeber.com

Oxşar xəbərlər