Emin İbrahimova 10 il həbs cəza ?
O, özünü təqsirli bilmədiyini və həbsini sifarişli hesab etdiyini bildirərək məhkəmədən bəraət istəyib.
Həbsdə olan keçmiş diplomat Emin İbrahimova 10 il həbs istənilib.
Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Emin İbrahimov məhkəmədə son sözlə çıxış edib. O, özünü təqsirli bilmədiyini və həbsini sifarişli hesab etdiyini bildirərək məhkəmədən bəraət istəyib. Prokuror Emin İbrahimovun verilmiş ittihamla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə təqsirli bilinməsini istəyib.
İttihama görə, Emin İbrahimov 2024-cü il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt Emin İbrahimov cibində gəzdirdiyi bıçaqla Kamal Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.
Emin İbrahimov ötən prosesdə məhkəmənin nəzərinə çatdırıb ki, zərərçəkəni tanımır və həbsinin əsl səbəbi Azərbaycandakı idarəetməylə bağlı çıxışlarıdır. 2025-ci il aprelin 11-də keçiriləcək məhkəmədə ona hökm oxunacağı gözlənilir. Keçmiş diplomat 2024-cü il iyulun 22-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. O, Kamal Şükürov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Emin İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib. 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib. O, Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır. (MeydanTV)
Tacxeber.com