“İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki…”
Adil Qeybulla: “AQTA-nın keçirdiyi yoxlamalar vətəndaşlarımızın sağlamlığının qorunması baxımından mühüm önəm kəsb edir”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt restoranlarında sistemli yoxlamalar həyata keçirməkdə, bəzi restoranlarda ciddi nöqsanlar aşkarlamaqdadır. Buna nümunə olaraq “Xarı bülbül”, “Otdıx”, “Vətən”, “Top Qapı” restoranlarında aşkar edilən nöqsanları göstərmək olar.
AQTA tərəfindən keçirilən reydlər, bu reydlər nəticəsində aşkar edilən nöqsanların ortadan qaldırılması xəstəlik və zəhərlənmələrin qarşısının alınması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ictimai iaşə müəssisələrində bu cür reydlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Bu bir həqiqətdir ki, qida təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlər var. Zaman-zaman bu problemlərin ortaya çıxmasına, ictimailəşməsinə şahid oluruq.
Məsələ bundadır ki, istənilən qidanın hazırlanmasının texnologiyası var. Qüvvədə olan texniki standartlara, normativ-hüquqi aktlara hər kəs əməl etməlidir. AQTA də məhsulun istehsal prosesini qeydiyyata alarkən bu təlimatı mütləq nəzərə alır. Əgər bu təlimat pozulubsa, bu, hüquqi məsuliyyət yaradır.