• 13 Mart 2025 04:07

Niyə beynimiz baş verməmiş hadisələri uydurur?

“Heç olubmu ki, dostunuzla beş il əvvəl bir məclisdə şirəni kimin dağıtdığı barədə mübahisə edəsiniz, hər ikiniz isə tam əmin olasınız ki, haqlısınız? Xoş gəldiniz yalançı xatirələr dünyasına!..”

 

Beynimiz heyrətamiz bir hekayəçidir, amma bəzən o, hadisələri gözəlləşdirir və hətta heç baş verməmiş hekayələr uydurur.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “habr.com” nəşri yazıb.

 

Məqalədə bunun necə mümkün olduğu araşdırılır, yalançı xatirələrin necə formalaşdığı izah edilir.

 

Beynimiz yaddaşı foto və ya video kimi dəyişməz şəkildə saxlamır. Əksinə, hər dəfə nəyisə xatırlayanda, həmin xatirəni yenidən formalaşdırır. Bu proses zamanı bəzi detallar dəyişdirilə, hətta tamamilə yalançı xatirələr meydana gələ bilər.

 

Yalançı xatirələr nədir?

 

Yalançı xatirələr ya heç vaxt baş verməmiş hadisələr haqqında yaddaşımızın yaratdığı uydurma “xatirələrdir”, ya da real hadisələrin zamanla təhrif olunmuş versiyalarıdır.

 

Maraqlısı budur ki, insan bu xatirələrə tamamilə inanır, onların təfərrüatlarını- səsləri, qoxuları, hətta hadisə zamanı keçirdiyi hissləri belə xatırlaya bilər.

 

Beyin yaddaşı necə dəyişdirir?

 

Məlumat manipulyasiyası:

 

Sonradan alınan yanlış məlumatlar mövcud xatirəni dəyişdirə bilər. Məsələn, kiminsə sizə bir hadisəni fərqli şəkildə izah etməsi, sizin də həmin hadisəni bu yeni versiyada “xatırlamağınıza” səbəb ola bilər.

 

Xəyal və yuxular:

 

Tez-tez xəyal edilən və ya yuxuda görülən hadisələr gerçək xatirələrə çevrilə bilər. İnsan bəzən yuxu ilə reallığı ayırd edə bilmir.

 

Təkrarlanan hekayələr: 

 

Dəfələrlə danışılan və ya başqalarından eşidilən hadisələr yaddaşda zamanla həqiqət kimi möhkəmlənir. Nəticədə insan həmin hadisəni sanki öz başına gəlibmiş kimi qəbul edir.

 

Emosiyalar və inanclar:

 

İnsan yaddaşını öz inanclarına və emosional vəziyyətinə uyğun şəkildə yenidən formalaşdıra bilər. Yəni, hadisənin yadda qalan detallarını fərqli şəkildə dəyişdirə və uyğun gəlməyən detallarını tamamilə unuda bilər.

 

Elmi sübutlar

 

Psixoloq Elizabet Loftusun apardığı tədqiqatlar göstərir ki, təkcə sualın verilmə tərzi belə yaddaşa təsir edə bilər. Məsələn, bir avtomobil qəzası ilə bağlı şahidlərə “Maşınlar bir-birinə necə çırpıldı?” sualı verildikdə, onlar hadisəni daha yumşaq təsvir edir.

 

Lakin eyni hadisəyə “Maşınlar bir-birini necə vurdu?” sualı verildikdə, şahidlər sürətin daha yüksək olduğunu düşünür və hətta olmayan detallar (məsələn, sınmış şüşələr) “yada düşür”. Bu tədqiqat yaddaşın nə qədər asan manipulyasiya oluna biləcəyini sübut edir.

 

Kütləvi yalançı xatirələr və Mandel effekti

 

Bəzən bütöv qruplar eyni yanlış xatirəni formalaşdırır. Bu fenomen “Mandel effekti” kimi tanınır. Məsələn, çoxları “Ulduz müharibələri” filmində Dart Veyderin “Lük, mən sənin atanam” dediyini düşünür. Halbuki, əsl sitat “Yox, mən sənin atanam” şəklindədir.

 

Yalançı xatirələrin təsiri

 

Şəxsi münasibətlərdə- insanlar keçmiş hadisələri fərqli şəkildə xatırladığı üçün mübahisələr və anlaşılmazlıqlar yarana bilər.

 

Qərarlara təsir edə bilər- məsələn, bir insan keçmişdə müəyyən bir qidadan zəhərləndiyini səhv xatırlayaraq, həmin yeməyi ömrü boyu yeməkdən imtina edə bilər.

 

Hüquq sistemində- şahidlərin yanlış xatirələri bəzən günahsız insanların həbs olunmasına səbəb ola bilər.

 

Beləliklə, beynimiz həqiqətləri sadəcə qeydə almır, onları daim yenidən yazır və dəyişdirir. Bunun fərqində olmaq yaddaşımıza daha tənqidi yanaşmağa və mübahisələrdə daha anlayışlı olmağa kömək edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər