Əziz valideynlər, qız övladlarınıza güclü təhsil verin ki, ……

Deyillər, əgər aliment fondu yaradılsa boşanmaların sayı artacaq.
Əslində haqlıdırlar. Çünki, Azərbaycanda gecə-gündüz təriflənib dəyərə çevrilən ailə institutu qadının istismarı üzərində, ədalətsiz bir formada, qurulub. Maddi cəhətdən kişidən tam asılı olan qadınlar kişilərin şiddətinə qarşı səssiz qalmaq məcburiyyətində qalırlar. İnanmıram işi-gücü və normal gəliri olan qadınların şiddətə qarşı reaksiyası kişilərdən tam asılı olan qadınlar qədər olsun.
Əlbəttə, bu qadınların maddi gəlirlərini təmin etsən, ilk işləri onları əzən və istismar edən kişiləri həyatlarından rədd edəcəklər. Bu da hakimiyyətə sərf etmir. Hakimiyyət maraqlıdır ki, ölkədə indiki formatda ailə institutu daha da güclənsin. Çünki, təqribi götürsək, 5 milyon kişi 5 milyon qadın vətəndaşı ölkədə baş verən siyasi, ictimai proseslərdən uzaqlaşdıraraq mətbəxə həbs ediblər. Avtoritar bir sistem üçün bundan əlverişli bir dəyər ola bilməz.
Bu dəyərlər kişi hegemonluğu üzərində qurulduğu üçün kişilərin üstünlüyünü təmin edir və onlar üçün üstün şərtlər yaradır. Ona görə də bu institutun ən qatı tərəfdarları da bu institutdan ən çox yararlanan kişilərdir.
Maddi azadlığı olan bir qadını əzmək çox çətindir. Ona görə də əziz valideynlər, qız övladlarınıza güclü təhsil verin ki, onun taleyi ailə qurduğu kişinin vicdanından asılı olmasın.