D.Trampın xüsusi nümayəndəsi Moskvadan Bakıya gəlib

ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər.
“The Jerusalem Post” yazır ki, Donald Trampın şəxsi nümayəndəsi Steve Witkoff Moskvadan birbaşa Bakıya uçub. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.
Nəşr xatırladır ki, İsrailin Baş Naziri Benyamin Netanyahu Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin D.Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib.
Rusiyanın RIA xəbər agentliyi Steve Witkoffun Moskvadan Bakıya uçması barədə məlumat yayıb. Rəsmi təsdiq olunmasa da bəzi mənbələr Steve Witkoff-un Vladimir Putinlə gizli danışıqlar apardığını bildirir.
İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də Baş nazir Benyamin Netanyahunun Knessetdə ölkələr arasında üçtərəfli (ABŞ-İsrail-Azərbaycan) tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses xüsusi vüsət alıb.
Bu arada yüksək rütbəli ravvinlərin prezident D. Trampa Avraam müqaviləsinin (ing. Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Bu önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktub Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərib.
Bakı ABŞ və Rusiya arasında vasitəçi ola bilər.
Təxminən iki ay əvvəl Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc etdi. Nəşr Amerika və İsrail mediasında böyük diqqətə layiq görüldü və bu, cari səfərə xüsusilə məna yükləyib.
Steve Witkoff-un Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada əsas rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirir.
Qəzet məqalənin sonunda bildirir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir.
İsrail mediasındakı bu məqalə bir daha onu göstərir ki, Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacarır. Heç şübhəsiz ki, bu, Azərbaycanın yeritdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.