• 15 Mart 2025 20:04

“Ölkədə tuta-tut davam edir, lap 37-də olduğu kimi” – Cəmil Həsənli

Ölkədə tuta-tut davam edir. Lap 37-də olduğu kimi. İnsanlar qorxu və səksəkə içində yaşayır. İşlərə mütəşəkkil xarakter vermək üçün dairəni geniş götürülər. 37-də belə idi. Səsli-küylü həbslər həyata keçirirdilər. “Burjua millətçisi”, “Nasional uklonist”, “Pozucu diversant”, “Beynəlxalq imperializimin agentləri” və sair. Lap Tofiq Yaqublunun işində olduğu kimi absurda qədər gedirdilər. Yaponiyanın hansı səmtdə olduğunu bilməyən biçarələri Yapon casusu kimi, Birləşmiş Krallıqla ilə İngisitanın fərqi bilməyənləri Britaniya agenti kimi həbs edirdilər. İndi də belədir. Müasir həbslərin əsas istinad yeri qaçaqmalçılıqdır.

 

Doğrusu, 15-20 km məsafədən “rüşvət almaq” möcüzəsini yaradan Tofiq Yaqubluya bu “istedadına” görə 9 il iş verəndən sonra 37 müasir varislərinin fantaziyasına həsəd apara bilər. Bu ölkədə 14 bıçaq zərbəsi ilə adamı qanına qəltan edib öldürənə 9 il 6 ay iş verirlər, xəsarətin nədən ibarət olduğu nə istintaqda, nə də məhkəmədə ayırd edilməyən mücərrəd bir “bıçaqlanma ssenarisinə” görə Emin İbrahimova 10 il iş verirlər. Bəxtiyar Hacıyevə də “pişik prosesinə” görə 10 il iş oxunub. Son 5-də Azərbaycana ayağı dəyməyən gənc iqtisadçı alim Fazil Qasımov saxta dollar kəsmək və dövriyyəyə buraxmaq ittihamına görə 9 il iş aldı. Dolları çeviriblər ruznamə kağızına. Eyni seriyalı saxta dollar 4 müxtəlif cinayət işində keçir. Ölkənin sərhədləri 5 ildir qapalı olsa da, absurd və fantaziyanın sərhəddi yoxdur. İndi bu ölkə Ələsgər Məmmədli, Akif Qurbanov, Azər Qasımlı, Ruslan İzzətli, Fərid Mehralızadə kimi işıqlı adamları absurd bir böhtanla həbs etmək qədər qaranlıq bir mağaraya çevrilib.

 

Dünən Bəşir Süleymanlını və Məmməd Məmmədzadəni də tutdular. Bəşir bəy artıq ikinci dəfədir ictimai fəaliyyətinə görə həbsə düşür. 10 il əvvəlin mətbuat xəbərlərində deyilir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı saxlandığı həbsxanada insan ləyaqətini alçaldan rəftara məruz qalıb.” Hətta, dünən ölkənin ən hazırlıqlı və ən təcrübəli hüquq maarifçisi Hafiz Həsənovu və komandir Xalid Ağalını da götürmüşdülər. Silistə çəkib buraxdılar, amma…37-də olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar.

 

Hökumət 40-a yaxın jurnalisti həbs etdikdən, Abzas Medianı, Toplum tv-ni, Meydan tv-ini dağıtdıqdan, “Azadlıq” radiosu, “Amerikanın səsi” və BBC-ninin ölkədə fəaliyyətin yasaqladıqdan sonra özünə simsar bildiyi bir sıra təhlil mərkəzlərinə təlimat verib ki, Qərb donorları bloklandıqdan sonra ölkədə mətbuatın vəziyyəti haqqında arayış hazırlasınlar. Onlar elə bilir yalançının kör şşahidi funksiyasını yerinə yetirən əlaltı saytlar “mətbuatdır.”

 

Bir neçə gün əvvəl Nurlan Libre və Fatimə Mövlanlı da saxlanıldı. Deyəsən onların da ləpirlərində digər jurnalistlər kimi qaçaqmalçılıq izləri tapıblar. Əslində isə hər ikisini Xalq Cəbhəsinin 20 yanvar ziyarətində qurulmuş iyrənc oyunları ifşa etdiklərinə və bələdiyyə seçklərinin mahiyyətini ortaya qoyduqlarına görə həbsə atıblar. Cəbhənin 20 yanvar ziyarətindən Fatimənin hazırladığı “Cücələrim” kompozisiyası sözün tam mənasında bir jurnalist tapıntısı idi. İndi 37-də olduğu kimi adamlar həbs olunacağın qabaqcadan bilirlər və Fatimə də qarşıdakı həbsi ilə bağlı video hazırlayıb dostlara “əmanət” etmişdi.

 

Saxta ittihamlarla tutulanların sayı 360 nəfərə çatmaqdadır. Onların yarıya qədəri islamçılardır. Hamısını da narkotika və konstitusyon qurluşu devirmək saxta ittihamı ilə gedər-gəlməzə göndəriblər. Deyəsən hökumət ölkədə geniş yayılmış işsizliyi kütləvi həbslərlə ləğv etmək istəyir. Çağdaş satirik şair rəhmətlik Baba Pünhan demişkən indi ölkədə:

Verməz heç kim iş bizə,

İş verməsə hakim bizə!

 

Abzasçıların ötən məhkəməsinə getmişdim. Bir az da 37-də Bakıda fəaliyyət göstərmiş “Antisovet-trotskiçi təşkilatın” işinə bənzəyir Abzasçıların işi. Antisovet-trotskiçi təşkilatın üzvlərini Mir Cəfər Bağırovu tənqid etməyə cəsarət göstərdiklərinə görə tutmuşdular. Abzasçıları da İlham Əliyevi tənqid etdiklərinə, ailə korrupsiyasını araşdırdıqlarına görə tutublar. Transmilli qaçaqmalçılıqla məşğul olanları, əsl qaçaqmalçıları ifşa etdiklərinə görə bu gün Ülvi, Sevinc, Hafiz, Nərgiz, Elnarə həbsdədirlər. Məhkəmədəki ifadələrində Sevinc də, Elnarə də elə belə də dedilər. “Bizim qızlar” (ifadə yazıçı İsa Hüseynovundur) sözün tam mənasında tarix yazırlar.

 

Bu hislərin təsiri altında iki gün əvvəl “Repressiya qurbanları muzeyi”nə getmişdim. Keçmiş KGB-nin, indiki Dövlət Sərhədləri Xidmətinin binasının zirzəmisində yerləşən muzey bağlı idi. 37-də saxta ittihamla həbs olunanlar həmin zirzəmilərdə saxlanılırdı, orada ayrıca güllələnmə otağı vardı. Adamları yaxın məsafədən güllələdikləri üçün otağın divarları qanla rənglənmişdi. Muzeyin bağlı olmasının səbəbini xidmətin qəbul otağından soruşdum. Dedilər gərək muzeyə gəlmək üçün öncədən onlayn qaydada icazə alasan. Əgər iazə versələr sizin muzeyə baxmağınız üçün vaxt təyin edib qapını açacaqlar. Əlqərəz “Repressiya qurbanları muzeyi” özü də repressiyaya məruz qalıb.

 

Amma görünən odur ki, Azərbaycanda 37 keçmiş deyil, bugünün acı reallığıdır. 37-nin fəlakətlərini, Bağırov dövrünün cinayətlərini zirzəmidə yaşadan muzeyin divarlarından hələ də qan damır. İndi onun eksponatlarını təzələmək lazımdır. İndi işgəncə texnologiyaları da, metodikası da, avadanlığı da 37 ilə müqayisədə xeyli təkmilləşib. İndi bu işlər zirzəmilərdə görülmür, millətin başı üzərində qorxu kabusu kimi dolanan İlham Əliyevin “dəmir yumruğunun” kölgəsində qorxusuz-ürküsüz görülür.

 

Hətta, o qədər qorxusuz-urküsüz ki, ölkənin ən dürüst adamı Tofiq Yaqublunu 20 km-lik bir məsafədən rüşvət almaqda ittiham etmək Azərbaycan hüquq (hüquqsuzluq) sistemində bir qurtum su içmək kimi asanlaşıb. adi hala çevrilir. Bu, elə əsl muzeylikdir də!

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər