• 15 Mart 2025 20:54

“Qoçu” Qanulun qanlısı Koçu – Odessada gözlənilən bir qətlin icrası…

Dünən Ukraynanın Odessa şəhərində tanınmış ictimai-siyasi fəal Demyan Qanul qətlə yetirilib.
Polis idarəsinin verdiyi məlumata görə, onu səhər saat 10:30 radələrində şəhərin Primorski rayonunda naməlum şəxs güllələyib və hadisə yerindən qaçıb. Qanul hadisə yerində ölüb.

 

Ukraynanın daxili işlər naziri İqor Klimenko Ali Radada odessalı deputatı Aleksey Qonçarenkonun qətllə bağlı suallarını cavablandırarkən bu işin istintaqını və cinayətin açılmasını şəxsi nəzarətimə götürdüyünü bildirib. Bir neçə saatdan sonra o, qətldə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

 

qanqat.JPG (38 KB)

 

Ukrayna mətbuatında qətlin videogörüntüləri yayılıb. Həmin görüntülərdə qatilin yerdə uzanmış şəxsin başına iki nəzarət atəşi açdığı görünür. Eyni zamanda, hadisə yerində daha iki nəfər var – onlardan biri ətrafda baş verənləri izləyir, digəri isə, ehtimal ki, smartfonda qətli lentə alır. Hüquq-mühafizə orqanları bu şəxslərlə bağlı heç bir məlumat verməyib. Bu qətlin mütəşəkkil qrup tərəfindən törədildiyinin göstəricisidir.

Qətli törətməkdə şübhəli bilinən şəxs 1972-ci il təvəllüdlü Sergey Koçudur. Strana.ua xəbər verir ki, onun yanvarda xarici pasport aldığı məlum olub. İndi o, Qanulu nəyə görə öldürdüyü barədə istintaqa danışır.

Gənc olmasına rəğmən Qanul Ukraynada, eləcə də Rusiyada hələ 2013-2014-cü illərdən tanınırdı. O zamanlar 19-20 yaşında olan Demyan vətənpərvər gənclərdən ibarət “Sağ sektor” adlanan qrupa rəhbərlik edir, Yanukoviçə qarşı başlanmış inqilabi hərəkatın iştirakçısı olub. O, Odessada radikal sağ partiyanın yerli hücrəsinin güc blokuna rəhbərlik edib. Rusiya mediasının “qatı nasist” kimi tanıtdığı bu şəxs “qoçuluq” etməkdə ittiham olunurdu.

Qanul 2014-cü il mayın 2-də Həmkarlar İttifaqları Evində rusiyapərəst və ukraynapərəst fəallar arasında baş verən toqquşmada aktiv iştirak edib. Həmin toqquşmada 47 nəfər həlak olub. Rusiya tərəfi bu qətliama görə Qanulu cinayət şübhəlilərindən biri sayırdı.

 

Srağagün, martın 13-də Avropa İnsan Haqları Məhkəməsi Ukrayna hakimiyyətinin bu toqquşmanın təhqiqatından müəyyən pozuntulara yol verdiyini bildirib və dövlətin bu toqquşmalarda həlak olan və yaralananların ailələrinə təzminat ödəməli olduğu barədə qərar verib.

AİHM qeyd edib ki, bu hadisələrə əsasən Rusiya dövlətinin apardığı təbliğat səbəb olub. Ancaq Rusiya bu toqquşmaya görə bütün məsuliyyəti Ukraynanın üzərinə qoyur.

 

polukr.JPG (68 KB)

 

Həmin faciəli hadisələrdən sonra D.Qanul bir sıra etiraz aksiyalarında iştirak edib. O, “Küçə cəbhəsi” ictimai təşkilatını yaradıb, həmfikirləri ilə birlikdə qanunsuz tikintilərə qarşı çıxıb. Onun təşkil etdiyi etirazlar tez-tez toqquşmalarla başa çatıb.

2017-ci ildə Qanul cinayət işində təqsirləndirilən şəxs olub, o zaman parlament üzvü olan, hazırda isə 3-cü hücum briqadasının komandiri vəzifəsini tutan Andrey Beletski fəalı zaminə götürməyi təklif edib. Bu işdə zərərçəkmiş o zaman Odessa vilayətinin polis rəisi olan Dmitri Qolovin olub.

 

D.Qanulun hərəkətləri arasında 2014-cü ildə “Zibil lüstrasiyası” adlanan hərəkətlər də var. O, və tərəfdarları korrupsioner məmurları tutub zibil qabına atırdılar. Belə bir hadisə Odessada məşhur siyasətçi Nestor Şufriç və o zaman Sosial Sığorta Fondunun rəhbəri postunu tutan Oleq Rudenkonun başına gətirilib.

 

qanul-1.JPG (71 KB)

 

Qanul dəfələrlə Rusiyanın Odessadakı konsulluğu qarşısında keçirilən aksiyalarda iştirak edib. 2021-ci ilin noyabrında həmfikirləri ilə birlikdə konsulluğun önünə üstündə “Karqo 200” və “Ruslar evə qayıdırlar” yazıları olan tabut gətirdi.

2022-ci ilin əvvəlində rusiyalı reper Bastanın Odessada çıxış etməli olduğu vaxt Qanul onun konsertini ləğv etdirməyə nail olub. Qanul həmçinin kommunist xadimlərinin xatirə lövhələrinin və abidələrinin sökülməsi təşəbbüsü ilə çıxış edib.

 

BBC-nin Ukrayna xidmətinin mərhumla əvvəllər ünsiyyətdə olan jurnalistinin dediyinə görə, Qanul şəhərin tarixi haqqında son dərəcə məlumatlı olub. O, tarixi abidələrin qorunub saxlanmasının tərəfdarı kimi çıxış edib, lakin özünün “rus markerləri” adlandırdığı , Rusiyanın Odessanı rus şəhəri kimi göstərmək üçün ucaltdığı abidələri fərqləndirməyə çağırıb.

Ölən fəal heyvanları qorumaq üçün aksiyalar keçirib. Xüsusilə, Odessada sirkdə heyvanların istismarına qarşı aksiyalar təşkil edib.

 

Demyan Qanul dəfələrlə təhdidlərdən şikayət edib və dövlətdən müdafiə istəyib. 2020-ci ildə onun BMW X5 avtomobili texniki xidmət stansiyasında yandırılıb. Elə həmin il Odessa vilayətində naməlum şəxslər onun avtomobilinə atəş açıb, Qanul özü isə travmatik silahla cavab atəşi açmalı olub.

2023-cü ilin mayında isə hərbi geyimli naməlum şəxslər Odessada onu döyüblər. Polis cinayət işi açıb, amma iş məhkəməyə getməyib.

Rusiyada cinayətkar elan edilmiş şəxsin qətlinə görə şübhələrin Moskvaya yönələcəyini bilən Rusiya mediası dünən ortaya 4-5 versiya ataraq, necə deyərlər, “versiya kirliliyi” yaradırdı. Versiyalardan biri Qanulu 47 nəfərin öldüyü toqquşmada həlak olanlardan birinin əzizi tərəfindən öldürülə biləcəyi bildirilirdi. Daha bir versiya fəalın indiyədək incitdiyi şəxslərdən birinin güdazına getməsi barədəydi.

 

qnnnu.JPG (28 KB)

 

Rusiya mediası Qanulun qətlinin Ukraynanın özü tərəfindən təşkil edilə biləcəyini də yazırdı. Guya ki, o, indiyə qədər faydalıydı, amma artıq öz missiyasını yerinə yetirib, daha əl-ayağa dolaşmasın. deyə öldürülüb.

Qanulun səfərbərlikdən yayınanların hərbi xidmətə göndərilməsi işinə kömək etdiyinə vurğu salan müəllif qətli müharibədə həlak olanlardan birinin yaxını tərəfindən törədilə biləcəyini də qeyd edir.

 

Bir sözlə, ortada ağıla gələ biləcək hər versiya var – yalnız birindən başqa. Bu, xarici ölkələrdəki “düşmənlər”I bir-bir dənləməkdə mahir olan Rusiya xüsusi xidmət orqanlarının “əl işi” olması versiyasıdır.

Əgər qətldə şübhəli şəxs kimi tutulan adam doğrudan da real qatildirsə, Qanulun qətlinin üstü tezliklə açılacaq. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər