Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır.
Azərbaycan Baş Prokurorluğu mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb.
Aralarında bəzi bloqqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.
Onların biri son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edən ”Akkord” şirkətinin rəhbəri İlqar Hacıyevdir.
Prokurorluq İ.Hacıyevin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunduğunu, onun barəsində axtarış elan edildiyini və artıq həbs-qətimkan tədbirinin seçildiyini vurğulayır.
Həmçinin, bloqqerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.
Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovdur.
Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir.
Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən biri isə Tural Sadıqlıdır.
O kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur. T.Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.
Hüquqşünas Səməd Rəhimli deyir ki, hüquqi porsedura görə, növbəti mərhələdə onlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərər.
“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil”, – hüquqşünas deyir.
Səməd Rəhimlinin fikrincə, hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.
“Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin zamanla öz hədəfini genişləndirə bilər”, – Səməd Rəhimli bildirir.