• 19 Mart 2025 04:31

Fuad Nəcəfli Vasif Talıbovu tənqid etdi: “Yarıtmaz fəaliyyəti nəticəsində…”

Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.

 

Tacxeber.com xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

 

​Əvvəlcə məscid binası ilə tanışlıq olub.

 

Sonra Ordubad rayonunun axundu Yusif Rüstəmov “Qurani-Kərim”dən ayələr oxuyub. Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi münasibətilə məscidə “Qurani-Kərim” hədiyyə edib, bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.

 

​Axund Yusif Rüstəmov Cümə məscidinin təmir-bərpadan sonra istifadəyə verilməsini rayonun ictimai həyatında mühüm tarixi hadisə kimi dəyərləndirib, qarşıdan gələn Novruz, Ramazan bayramları münasibətilə təbriklərini çatdırıb.

 

​Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qeyd edib ki, XVII əsrə aid tarixi-memarlıq abidəsi sayılan Cümə məscidi xalqımıza məxsus ən dəyərli mirasdır. Məscidin bərpası üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə məlumat verilib, Mədəniyyət Nazirliyi, eləcə də bir sıra bərpaçı qurumlarla məsləhətləşmələr aparılıb.

 

​Vurğulanıb ki, Naxçıvanın əvvəlki idarəçiliyinin yarıtmaz fəaliyyəti nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə, Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib. Azərbaycan tarixində, mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı “restavrasiya” nəticəsində abidələr ilkin formasını tamamilə itirib. Səlahiyyətli nümayəndə bildirib ki, Ordubad Azərbaycanın siyasi, mədəni və iqtisadi həyatında mühüm yer tutur. Ordubadlıların Azərbaycan dövlətçiliyində böyük xidmətləri olub. Təsadüfi deyildir ki, Ümummilli Liderimiz Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb, qoruğun sərhədləri müəyyənləşdirilib, ərazidə olan tarixi abidələrin bərpası nəzərdə tutulub. Rayonda yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda bərpasına başlanılacaq.

 

​Qeyd olunub ki, Ordubad şəhərinin Baş planı da hazırlanıb. Ordubad Su Elektrik Stansiyasının əvvəlki dövrdə inşası zamanı layihəsi hazırlanmadığı üçün hazırda tikintisində gecikmələr yaranıb. Yaxın vaxtlarda həmin məsələ də həllini tapacaq. Gələcəkdə Ordubadın Sərşəhər məscidinin də bərpası nəzərdə tutulub. Bərpa-quruculuq prosesində əsas məqsəd əvvəlki dövrdən fərqli olaraq kəmiyyətdən çox, keyfiyyətə önəm verilməsidir.

 

​Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi, eləcə də Novruz, Ramazan bayramları münasibətilə rayon ictimaiyyətini təbrik edib, onlara cansağlığı, işlərində uğurlar arzulayıb.

 

​Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, rayon ağsaqqalı Fərrux Nağızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, Ordubadın da bu inkişafdan pay aldığını vurğulayıb, Cümə məscidinin bərpasına görə rayon ziyalıları adından minnətdarlıq edib.

Tacxeber.com

Oxşar xəbərlər