• 24 Mart 2025 00:41

“Mən möhtərəm iqtidarımızı qəssab baltasını yerə qoymağa çağırıram”

Allah Üzeyir bəyə rəhmət eləsin. “O olmasın, bu olsun” filmində belə bir yer var. Məşədi İbadın çörəyinə yağ çəkdiyi qoçu Əsgər digərləri ilə bahəm belə oxuyur:

Ey kimsən orda, aç qapını!

Aç qapını, gələk səni öldürək!

 

Son dərəcə absurd bir təklifdir. Necə yəni? Mən qapını açım, sən də gəl məni öldür. Bu boyda zarafat olar?

 

Ən maraqlısı odur ki, Azərbaycanda bu kimi söhbətlər indi də olur. Məsələn, Baş Prokurorluq xaricdə yaşayan Tural Sadıqlı, Qurban Məmmədov, Qabil Məmmədov, Məhəmməd Mirzəli və Elşad Məmmədova İctimai Teleradio üzərindən “Çağırış vərəqəsi” göndərib. Deyirlər ki, bu, Cinayət-Prosessual Məcəlləsinin tələbindən irəli gəlir.

Aydındır ki, nə qədər bu iqtidar iş başındadır, onlar Bakıya dönən deyil.

 

Mənim baxışıma görə, Azərbaycanda iqtidarın problemi ondadır ki, onlar vəziyyətdən çıxmaq üçün zorakılıqdan istifadə edirlər. Halbuki adı çəkilən və çəkilməyən insanlarla ( siyasi mövqeyinə görə “İnterpol”la axtarışa verilmiş o qədər soydaşımız var ki) danışıb anlaşmaq da olar. Bizim iqtidar cərrah bıçağı lazım olan yerdə baltadan istifadə edir. Balta isə qəssab və ya cəlladın alətidir. Siyasət daha incə yanaşma tələb edir. XXI əsrdə Qərbdə yaşayan insanı zor və hədə ilə fikrindən daşındırmaq olmaz. Ən azı onlarla danışıb vəziyyəti xeyli yumşaltmaq isə real məsələdir.

 

Azərbaycanın daxilində başını qaldıranı həbs edirlər. Siyasi məhbusların sayı 350 nəfərə yaxınlaşıb. Niyə belədir? Çünki insanlarla anlaşmağa yox, onları saxta ittihamlarla zindana atmağa üstünlük verirlər. Ona görə də insan hüquqları və demokratiya ilə bağlı Azərbaycanın beynəlxalq imici yerlə sürünür.

Mən möhtərəm iqtidarımızı qəssab baltasını yerə qoymağa və belə həssas məsələlərə cərrah bıçağı ilə müdaxilə etməyə çağırıram. Düşmənçiliyin axırı qandır, ölümdür. Bizə qarşılıqlı nifrət yox, qarşılıqlı ehtiram lazımdır…

 

P.S Rəsul Quliyev, Elşad Abdullayev, Mahir Cavadov, Arif Məmmədov, Elnur Nağızadə, Zamirə Hacıyeva, Tələt Əliyev, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Süleyman Süleymanlı, Fikrət Hüseynli… kimi şəxsləri də bizim prokurorluq axtarır.

 

Ebəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər