Fatimə Mövlamlı: “Qara maskalı polislər qoluma qandal vuranda gülürdüm”
Həbsdə olan jurnalist Fatimə Mövlamlı Yazır:
“Qoluma vurulan qandal yeni jurnalist vəsiqəmdir.
– Maddəniz nədir?
– 206.3.2
– Jurnalistsiniz?
– Bəli, bəli. 🙂
Saxlanıldığım ilk gündən bəri istər polisdə, istər məhkəmədə, istərsə də Bakı İstintaq Təcridxanasında rastlaşdığım siravi vətəndaşlarla eyni dialoqu yaşayıram.
İnsanlar müstəqil jurnalistlərin qaçaqmalçı olduğuna inanmır, hətta bu maddənin sırf jurnalistlərin şərlənib həbs edilməsinə yaradığını düşünür.
Qara maskalı polislər qoluma qandal vuranda gülürdüm. Oyuncaq məhkəmə həbsimə qərar verəndə də, indi bu yazını yazdığım həbsxana kamerasında da gülürəm.
Bütün bu məhrumiyyətlərin əbəs yerə olmadığına duyduğum əminlik və bizləri şərləyib həbs edənlərin üzünə vurduğumuz həqiqətlərin qarşısında düşdükləri aciz vəziyyət məni daha da güclü edir. Qoluma vurulan qandalı yeni jurnalist vəsiqəm hesab edirəm.
Məndən nigaran qalmayın, əzizlərim.
Möhkəməm…