Ekrem İmamoğlu martın 8-də İzmirdə xalq qarşısında özünü prezidentliyə namizəd kimi təqdim edib.
Türkiyədə sonuncu prezident və parlament seçkisi 2023-cü ilin mayında baş tutub. Növbəti seçkiyə 3 ildən bir qədər artıq vaxt qalıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu nədən indidən “Atı Alan Üsküdar’ı Geçti!” düşüncəsi ilə ortaya atılıb? Absurd bir şeydir. Dünya tarixində belə bir şey olmayıb.
Sən Ərdoğana nifrət edirsən, lap yaxşı. Adam atı minməmişdən öz partiyasının rəhbərliyinə məlumat verməzmi? CHP-dən xəbərsiz belə bir özbaşınalıq etməyin adı nədir? Absurd məsələdir. Özü də CHP-nin dəstəyi olmadan sən Türkiyədə prezident seçilə bilməzsən axı…
Əlbəttə, mən sayın Ekrem İmamoğlunun həbsinə etiraz edirəm. Ancaq böyük siyasətdə belə özbaşınalıq da yolverilməzdir. Özü də dünya düzəninin böhran keçirdiyi bir vaxtda Türkiyəni siyasi təlatümlərə sürükləmək son dərəcə məsuliyyətsiz bir hərəkətdir…
P.S “The Guardian” yazır ki, martın 23-də CHP-də prezidentliyə namizədlərlə bağlı ilikn seçki olacaqdı. Bəzi dostlarımız da bu arqumentə söykənərək Ekrem İmamoğlunu müdafiə edirlər. Deyirlər ki, Ekrem İmamoğlu Tayyib Ərdoğanın əsəs rəqibi idi. Onu sıradan çıxarmaq üçün CHP-də keçiriləcək ilkin seçkidən əvvəl onu həbs etdilər.
Ancaq fakt budur ki, Ekrem İmamoğlu martın 8-də İzmirdə xalq qarşısında özünü prezidentliyə namizəd kimi təqdim edib. Yəni CHP-nin 23-də çıxaracağı qərarını gözləmədən belə bir addım atıb. Nəticədə CHP fakt qarşısında qalıb. Vəziyyətdən çıxmaq üçün hazırda CHP rəhbərliyi Ekrem İmamoğluna dəstək nümayiş etdirir.
Düşünürəm ki, Ekrem İmamoğlu CHP-nin başqa bir namizədə üstünlük verə biləcəyi ehtimalını nəzərə alaraq belə bir tələsikliyə yol verib. Hər nədirsə, ortada düz olmayan bir şey var. Oyun qaydası məqsədli şəkildə pozulursa, bunun arxasında nəsə olmalıdır…