“Şimal axını” bərpa edilir iddiası – Rusiyaya qarşı sanksiyalar yumşalır?
Ukraynada müharibənin sonlanması üçün ABŞ ilə Rusiya arasında başlanan danışıqlar prosesi dünya mediasında Rusiyaya qarşı sanksiyaların aradan qaldırılacağına dair məlumatların yayılmasına səbəb olub. Bu prosesdə Rusiya mediası daha aktiv rol oynamaqla, müxtəlif variantlar üzrə müzakirələr təqdim etməkdədir.
Ukraynada qanlı müharibənin yekunlaşması nəticəsində Rusiyaya qarşı sanksiyaların tədricən aradan qaldırılacağı aydındır ki, hamının qəbul etdiyi nəticədir. Lakin proses başa çatmadan, Ukraynada dayanıqlı və ədalətli sülhə nail olunmadan ABŞ-ın mövcud hakimiyyətinin birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları aradan qaldırması variantı da istisna olunmur. Hərçənd ki, Rusiya Prezidenti Vladimir Putin belə bu ehtimala çox skeptik yanaşır… O, Rusiyaya qarşı ümumilikdə 28 595 sanksiya tətbiq edildiyini deyib: “Görünür, təşəbbüskarların özləri nə qədər məhdudiyyət tətbiq etdiklərini və kimə qarşı olduğunu itiriblər. Amma Maliyyə Nazirliyi hesablayıb. Mən sizə əminliklə deyə bilərəm – fiziki və hüquqi şəxslərə qarşı 28 595 sanksiya”.
Putinin sözlərinə görə, bu rəqəm bu məhdudiyyətlərin tətbiq olunduğu ölkələrə qarşı bütün sanksiyalardan çoxdur. “Və dəfələrlə daha yüksək” deyə gülümsəyərək əlavə etdi.
O proqnozlaşdırır ki, hətta qeyri-dost ölkələrlə müəyyən razılaşmalar olsa belə, Rusiya sanksiyaların qlobal şəkildə ləğvini gözləməməlidir: “Sanksiyalar müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, ölkəmizə sistemli, strateji təzyiq mexanizmidir. Və vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, beynəlxalq münasibətlər sisteminin necə olmasından asılı olmayaraq, rəqiblərimiz həmişə ölkəmizi cilovlamaq, onun iqtisadi və texnoloji imkanlarını zəiflətmək arzusunda olacaqlar. Qarşı tərəfdən hansısa jest olsa belə, məsələn, nəyisə çıxartmağı, onu zəiflətməyi planlaşdırırlarsa, təkərlərə hansısa ağacı soxmağın başqa yolunun tapılacağını gözləmək olar”.
Maraqlıdır ki, martın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığından əvvəl Putin hökumətə 2022-ci ilin fevralından sonra ölkəni tərk etmiş xarici şirkətlərin Rusiya bazarına qayıda bilməsi üçün mexanizm hazırlamağı tapşırıb. O, məlumatı Rusiya Sahibkarlar və Sənayeçilər İttifaqının (RSPP) qurultayında çıxışı zamanı açıqlayıb, Qərb şirkətlərinin Rusiya bazarına qayıtması üçün nüansları qeyd edib.
Putin bildirib ki, Rusiyadakı bizneslərini endirimli qiymətlə satıb çıxanlar eyni qiymətə geri qaytara bilməyəcəklər. O deyib ki, xarici şirkətlərin Rusiya bazarına qayıtmasının əlaqələndirilməsi proseduru “mümkün qədər şəffaf” olmalıdır. Onun sözlərinə görə, xarici sahibkarlara Rusiyada “vicdanla və məsuliyyətlə biznes aparmağa” məcburi təminat vermək lazımdır.
Putin bir çox şirkətlərin işləməyə davam etdiyini, kadrlarını saxladığını və nəzarəti Rusiya rəhbərliyinə verdiyini diqqətə çatdırıb: “Yəni onlar bizim bazarda işləməyə davam etdilər, lakin fərqli bir marka altında. Onlar müstəqil və məsuliyyətli seçim etdilər. Və təbii ki, biz bu seçimə hörmətlə yanaşırıq və belə tərəfdaşlarımıza hörmətlə yanaşacağıq”.
Putinin sözlərinə görə, Qərb bizneslərinin yerli bazara qayıtması üçün heç bir xüsusi şərait yaradılmayacaq. O xatırladıb ki, ölkədən heç bir şirkət çıxarılmayıb, lakin hakimiyyət mövcud vəziyyətdən çıxış edəcək.
Beləliklə, Putin sanksiyaların qısa müddətdə, tamamilə aradan qaldırılacağını gözləməsə belə, Qərb şirkətlərinə qapıları açmağa hazır olduğunu nümayiş etdirməklə Rusiya bazarından pay almağa çalışan dairələrə yaşıl işıq yandırmaqdan da çəkinmir.
Rusiyaya qarşı sanksiyaların yumşalması ehtimalı müzakirə olunarkən ilk növbədə diqqət bu ölkənin enerji məhsullarının Avropa bazarlarına qaytarılmasına yönəldilir. Almaniyanın “Correctiv” nəşrinin məlumatına görə, Amerika şirkətləri əvvəllər “Drujba” kəməri ilə Rusiya neftinin göndərildiyi Almaniyanın üç “Rosneft” neft emalı zavodunun səhmlərini almaqda maraqlıdır. 2024-cü ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin onlardan birinin (PCK Schwedt) payının Qazaxıstana satılması ilə bağlı danışıqlar apardığını açıqlayıb. Lakin dekabrda Qazaxıstan Energetika Nazirliyi layihədə hər hansı maraqlarının olmadığına dair bəyanatla çıxış edib. “Bild” martın 2-də yazıb ki, Rusiya və ABŞ “Şimal axını 2″ qaz kəmərinin zədələnməmiş qalan xəttinin yenidən işə salınması üzərində işləyir və onun da amerikalı sahibləri ola bilər.
Amerikalı investorların bir xətti 2022-ci ildəki partlayışlardan sağ çıxdığı “Şimal axını 2″ni əldə etmək marağı hələ 2024-cü ilin noyabrında məlum olub. O zaman “Wall Street Journal” yazmışdı ki, amerikalı iş adamı Stiven Linç ABŞ hökumətindən qaz kəməri hərraca çıxarılarsa, ona tenderdə iştirak etmək üçün lisenziya verilməsini xahiş edib. İnvestor bu marağı “Amerika və Avropa üçün qalıq yanacaq dövrünün sonuna qədər enerji təchizatına nəzarət etmək üçün unikal fürsət” olacağını söyləməklə əsaslandırıb. Lakin belə bir sövdələşmə və tədarükün başlanması üçün Almaniyanın siyasi iradəsinə əlavə olaraq, qaz kəmərinin sertifikatlaşdırılmasına ehtiyac olduğu üçün Avropa Komissiyasının, eləcə də boru kəmərinin sularından keçdiyi Danimarkanın təsdiqi tələb olunacaq.
Ümumiyyətlə, analitiklərə görə, Rusiya qazının Almaniyaya ixracının bərpası mümkün deyil. Potensial problemlər arasında Avropada qaz istehlakının azalması (2021-ci ildən 2024-cü ilə qədər Avropa İttifaqında istehlak ildə 415 milyarddan 332,5 milyard kubmetrə düşüb; Böyük Britaniyanın istehlakını nəzərə alsaq, azalma 100 milyard kubmetrə yaxın olub – D.S.) ilə yanaşı, Almaniyada siyasi gücü olan qüvvələrin heç birinin yenidən Rusiyadan qaz alınması məsələsinə müsbət yanaşmaması da var. Digər tərəfdən, Rusiyanın “Qazprom” şirkətinə qarşı qaldırılan təzminat davaları fonunda nəqlin bərpası Moskvaya heç bir halda sərf etməyəcək: ötürülən qaz borca silinəcək.
Daha bir önəmli məsələ 2022-ci ildən sonra Avropanın qaz bazarında mühüm paya sahiblənmiş ABŞ-ın məsələyə yanaşmasıdır. ABŞ hər il 15-20 milyon ton yeni maye qaz istehsalı gücünü işə salmaq üçün layihələrin icrasına başlayıb. Bu güclərin istehsal etdiyi qazı satmaq, özü də əlverişli qiymətə satmaq üçün bazar lazımdır. Belə bazar ilk növbədə Avropadır. Tramp administrasiyası Avropa İttifaqı ilə ABŞ arasında defisitli ticarətin məhz Amerika neft-qazının birliyə satışının artırılması ilə aradan qaldırmağı hədəfləyir. Tramp özü dəfələrlə bildirib ki, Avropa İttifaqı ABŞ-dan neft-qazın alışını artırmasa, ona qarşı əlavə rüsumlar tətbiq edəcək.
Nəhayət, ən önəmli məsələ Avropanın Rusiyaya yanaşmasıdır. Hazırda Avropa Rusiyanı özünün təhlükəsizliyi üçün başlıca təhdid olaraq qəbul edir, yaxın və ortamüddətli dövrdə bu yanaşmanın dəyişəcəyi real görünmür. Bu mövqe Ukraynadakı müharibənin dayandırılması ilə bağlı yanaşmada da əksini tapır: Tramp administrasiyasından fərqli olaraq Avropa Ukraynaya dəstəyi artırmaq, Rusiyanı sıxışdırmaqla ədalətli həllə nail olmaq xətti yürüdür. Məhz bu xətt Tramp Rusiya ilə danışıqlar masasına oturduğu günlərdə Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiya paketinin qəbulunu mümkün edib. Eyni zamanda Brüssel hazırda Ukraynaya əlavə 20 milyard dollarlıq hərbi yardımın ayrılması planını işləyir.
Daha bir mühüm məsələ budur ki, son üç ildə Aİ yüz milyardlarla dollar xərcləyərək Rusiya qazı və neftindən asılılığı minimuma endirib, yeni mənbələrdən təchizat zəncirləri qurulub. Onları dağıdıb Rusiya kimi etibarsız tərəfdaşdan yenidən asılılığa düşməyi, təbii ki, Aİ qəbul etməyəcək.
Yeri gəlmişkən, ötən həftə Rusiya baş nazirinin müavini Aleksandr Novak “Reuters”ə bildirib ki, hazırda Rusiya neftinin Almaniyaya Drujba kəməri ilə tədarükünün bərpası ilə bağlı danışıqlar aparılmır və “Şimal axını 2″ ilə qaz nəqlinin bərpası ”gündəmdən kənardadır”.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, ABŞ-Rusiya danışıqları heç bir halda Avropaya Rusiya qazının, yaxud neftinin tam həcmdə tədarükünün bərpası anlamına gəlmir: “Hazırda Rusiyaya münasibətdə ABŞ-la Avropanın yanaşmalarında çox kəskin fərq var. Tramp Putinlə danışandan az sonra Fransa prezidenti Makron X hesabında nə yazdı? Yazdı ki, Avropa müdafiəyə hazırlaşmalıdır. Ardınca Almaniya Bundestaqı hərbi müdafiə xərclərinin ciddi artırılmasını nəzərdə tutan layihənin müzakirələrinə başladığını elan etdi. Bundan başqa, Avropa İttifaqı Rusiya və Belarusdan gübrə idxalına 7-8 qat artıq rüsum tətbiqini nəzərdə tutan layihə üzərində işləyir, aprelin əvvəlində onun qəbul olunacağı gözlənilir. Özü də Avropanın gübrə təminatının 25 faizi bu ölkələrdəndir. Yəni demək istəyirəm ki, Avropa Rusiya ilə qalan azsaylı bağları da qırmağa çalışır, nəinki ona qarşı sanksiyaları yumşaltmağa, yaxud tamamilə aradan qaldırmağa”.
Onu da qeyd edək ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının 280 milyard dollarını bloklayıb. Ötən ildən başlayaraq bu aktivlərin yenidən investisiyasından əldə olunan gəlirlərdən Ukraynaya böyük həcmdə yardım ayrılır. Eyni zamanda həmin gəlirlərdən qaytarılması şərtilə Böyük Britaniya və Aİ Ukraynaya 20 milyard dollardan yuxarı uzunmüddətli kredit ayırıb. Bütün bunlar deməyə əsas verir ki, hətta Ukrayna məsələsində sülhə nail olunsa belə, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması onilliklərlə vaxt aparacaq…
Yeri gəlmişkən, Avropaya qaz satan Azərbaycan üçün Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması və onun qazının yolunun açılması heç də yaxşı perspektiv vəd etmir… (Müsavat)