• 21 Mart 2025 22:22

Türkiyədən Azərbaycanı məyus edən addımlar…

Türkiyə-Ermənistan münasibətlərində son günlər ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşmanın məntiqi nəticəsi bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması oldu.

 

“Marqara” buraxılış məntəqəsi – Türkiyə-Ermənistan sərhədi 32 ildən sonra açılıb

 

Məlum səbəblərdən 32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi “Ermənistandan Suriyaya humanitar yardım daşımaq” bəhanəsi ilə bu gün açılıb.

 

Nəzarət-buraxılış məntəqəsinin açılması barədə Ermənistan hökuməti qərar verib. Qərarda bildirilir ki, Ermənistandan Suriyaya Türkiyə ərazisi ilə humanitar yardım göndərilməsi üçün “Marqara” buraxılış məntəqəsi martın 21-dən 31-dək açılacaq.

 

Təbii ki, Ermənistan bu qərarı birtərəfli qaydada verməyib, bunun üçün Türkiyə tərəfinin də razılığı var. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın “Marqara” sərhəd-buraxılış məntəqəsinin açılmasına görə türkiyəli həmkarlarına təşəkkür etməsi də bunu göstərir.

 

Azərbaycandan gizli sərhəd danışıqları

 

Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi bağlı qapılar arxasında çoxdan müzakirə olunurdu. Lakin çox qərbədir ki, bu barədə Azərbaycana hər hansı məlumat verilmirdi. Diqqət çəkən digər məqam odur ki, “Marqara” sərhəd-buraxılış mərhələsinin açılacağı barədə xəbərləri Ermənistan tərəfi elan edir, Türkiyə rəsmiləri bu məsələdə suallar yaradan susqunluq nümayiş etdirirlər.

 

O da məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi ilə bağlı gizli müzakirələrin arxasında Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, qlobal imperialist qüvvələr, Bayden-Blinken Administrasiyası, AB, erməni lobbisi dayanırdı. Təəccüblüdür ki, artıq Bayden Administrasiyası yoxdur, amma Türkiyədə bu planı icra etmək istəyən antimilli qüvvələr bu prosesi davam etdirir və müəyyən mənada istəklərinə nail olurlar.

 

Ərdoğan-Paşinyan görüşü, Ərdoğanın kitab hədiyyəsi, türkiyəli jurnalistlərin Ermənistana səfəri

 

Ərdoğan-Paşinyan görüşünün təşkilini, Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini, türkiyəli jurnalistlərin bu günlərdə Ermənistana səfərini, Türkiyə-Ermənistan sərhədinə baxış keçirmələrini də bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar.

 

Burdan belə nəticəyə gəlmək olar ki, bu qüvvələr Türkiyə rəhbərliyini bu cür yanlış addımları atmağa razı sala biliblər. Bu isə Azərbaycan xalqını məyus edir və haqlı hiddət doğurur.

 

Ermənistanın ərazi, qondarma “erməni soyqırımı” iddiaları, gerbdəki Ağrıdağ

Eyni zamanda Azərbaycan tərəfində, xalqında haqı suallar meydana çıxır: Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması, etnik təmizləmələr aparması, on minlərlə şəhid, yüzlərlə mina qurbanı, işğal zamanı şəhərlərin, kəndlərin dağıdılması, xarabalığa çevrilməsi, məscidlərin təhqir olunması və digər qeyri-insani əməllər, vəhşiliklər, cinayətlər nə tez yaddan çıxdı?

 

Ermənistan-Türkiyə yaxınlaşmasında diqqətə çəkən başqa məqamlar da var. Məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Bununla yanaşı, Ermənistanın dövlət gerbində Ağrı dağının şəkli var. Eyni zamanda, Ermənistan Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiasından da rəsmi olaraq geri çəkilməyib. Belə olan halda Ankaranın Ermənistanla münasibətləri tələm-tələsik qaydaya salıb, sərhədi açmaq həddinə qədər irəlilətməsini necə qiymətləndirmək olar?

 

Azərbaycanın Ermənistandan tələbləri, Türkiyənin maraqları, Zəngəzur dəhlizi

 

Diqqətdən qaçmamalıdır ki, bu gün Azərbaycan Ermənistan qarşısında qoyduğu tələblərlə həm də Türkiyənin maraqlarını qoruyur. Bakı İrəvandan Azərbaycana qarşı ərazi iddiasını Konstitusiyasından çıxarmağı tələb etməklə, həm də Türkiyəyə qarşı ərazi iddiasını aradan qaldırılmağı tələb edir. Ankara Ermənistan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları, gerbində Ağrıdağın olmasını unutmamalıdır.

 

Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbinə Türkiyə tərəfindən daim dəstək ifadə olunur. Ankarada ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanır. Hətta Türkiyə indiyədək Azərbaycanı əmin edirdi ki, Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhəd açılmayacaq. Bu gün isə bu vədin də unudulduğunu görürük. Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?

 

Türk dünyasının birləşməsinə Türkiyə lazımı dəstək vermir

 

Ankaranın daha bir məyusedici addımı türk dünyasının inteqrasiyası, birləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində addımlarına Türkiyədən sözdə dəstək olsa da, əməldə bu hiss olunmur, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, dünya siyasi arenasında nüfuzunu yüksəltməsi və öz layiqli yerini tutması üçün lazımı tədbirlər görülmür. Əksinə, Türkiyə son vaxtlar üzünü Ermənistana çevirir, İrəvanla əməkdaşlığın formullarını axtarır. Bunlar isə Azərbaycanla yanaşı, bütünü türk dünyasını da məyus edir.

 

Türkiyə Ermənistanla münasibətləri yaxınlaşdırmasının, sərhədləri açmasının Azərbaycan xalqında hansı reaksiya doğurmasını diqqətdən kənarda saxlaya bilməz. Türkiyəyə münasibətdə hər zaman “Bir millət, İki dövlət” prinsipini əsas tutan Azərbaycan son yaşananlardan təbii ki, çox məyus və narahatdır, Ankara bunu yaxşı bilməlidir. Ankara onu da yaxşı bilməlidir ki, Ermənistan heç vaxt etibarlı tərəfdaş, ölkə, qonşu olmayıb. Sonradan peşman olmamaq üçün seçimi indidən düzgün etmək lazımdır.

APA Analytics

Tacxeber.com

Oxşar xəbərlər