Türkiyənin iqtisadi durumu son hadisələrdən sonra daha da gərginləşib.
Son 3 gündə (19-20-21 mart) Türkiyə Mərkəzi Bankının yerli bazarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb (İmamoğlunun saxlanılmasından əvvəl MB-nin net rezervləri svop daxil 73,9 milyard dollar, svop xaric 65,4 milyard dollar idi).
Polis əməliyyatının həyata keçirildiyi gün – 19 martda ölkədən 15 milyard dollar kapital çıxışı baş verib.
Mərkəzi Bank TL-ni dəstəkləmək üçün bazara birbaşa müdaxilə ilə bərabər, aşağıdakı alətləri də işə salıb:
– Gecəlik (qısamüddətli) borc faizi 2% artırılaraq 46%-ə qaldırılıb. (Dövriyyəyə buraxılan pul kütləsini azaltmaq üçün);
– Həftəlik repo hərracları (bankların nəğd pulla təmin edilməsi) müvəqqəti dayandırılıb;
– Bazara 3 aylıq likvid kağızlar çıxarılıb. (Bazardan nəğd pulun toplanması üçün).
Bundan başqa, Türkiyənin 2 illk, 5 illik və 10 illik dövlət kağızlarının faizləri, eləcə də kredit risk əmsalı (CDS) yüksəlib ki, bunlar dövlətin daha yüksək faizlə borclanması və ölkəyə yatırım gəlməsinin daha da çətinləşməsi deməkdir. (Türkiyənin toplam xarici borcu ötən ilə olan məlumata görə, 526 milyard dollar təşkil edir).
Əgər xalq tərəfindən seçilmiş İstanbul bələdiyyə başqanı vəzifəsindən kənarlaşdırılaraq yerinə hökumət tərəfindən heç bir legitimliyi olmayan qəyyum təyin olunarsa, eyni zamanda ölkədə kütləvi etirazlar davam edərsə, maliyyə bazarlarındakı təlatümün də davam edəcəyi və bütövlükdə ölkə iqtisadiyyatında neqativ tendensiyaların güclənəcəyi şübhəsizdir.
Türkiyə rəhbərliyinin hazırda nə düşündüyünü və hansı planlar qurduğunu təbii ki, bilmirik. Əgər seçki demokratiyasına və qutunun müqəddəsliyinə toxunulmayacaqsa, İmamoğlu namizəd olsun, ya olmasın, bu gedişat hakimiyyət üçün xoş perspektiv vəd etmir. (Son prezident seçkilərində müxalifətin zəif fiquru qarşısında, üstəlik, müxalif ittifaqın 2-ci adamının iqtidara işlədiyi bir şəraitdə, çətinliklə qalib gəldiklərini və cəmi 10 ay sonra keçirilən yerli hakimiyyət seçkilərində məğlub olduqlarını unutmayaq).
Yox, bundan sonra normal seçki keçirilməyəcəksə və diktaturaya zorakı keçid baş verəcəksə, onda ölkənin vətəndaş qarşıdurması xaosuna sürüklənməsi ehtimalı var ki, bu, nə Türkiyəyə lazımdır, nə də bizə.