CHP bütün ziddiyyətləri bir kənara qoyub birləşsə o zaman T.Ərdoğan üçün çətin olacaq.

Türkiyədə siyasi hakimiyyət uğrunda mübarizə gedir. Yəni dünya dağılmayıb. 2028-ci ildə baş verməli olan prezident və parlament seçkisini sanki xeyli qabağa çəkiblər.
İstanbul meri Ekrem İmamoğlu Tayyib Ərdoğanın əsas rəqibi kimi ortadadır. Şübhəsiz ki, cənab Ərdoğan İstanbul Belediye Başkanı Ekrem İmamoğlunu bəri başdan oyundan kənarda qoymağa çalışır.
CHP-in daxilində də ciddi qarşıdurma var. Partiyanın sədri Özgür Özel ilə keçmiş sədr Kamal Kılıçdaroğlu arasında münasibətlər yumşaq desək, xoş deyil. Ekrem İmamoğlu ilə Ankara Belediye Başkanı Mansur Yavaş arasında da ciddi rəqabət var. CHP-nin problemi ondadır ki, AKP və MHP-dən fərqli olaraq bu partiyada dominant lider yoxdur. Tayyib Ərdoğan CHP daxilində olan bu ziddiyyətlərdən yararlanmağa çalışır. Söhbətin mahiyyəti budur…
Düşünürəm ki, CHP-nin keçirəcəyi qurultayın yekunu proseslərin gedişinə ciddi təsir edəcək. Nəzəri baxımdan qurultay keçirilməyə də bilər. Qurultayın olmaq ehtimalı isə daha yüksəkdir. Əsas məsələ odur ki, CHP-də olan müəyyən qruplar bu situasiyadan öz xeyrinə yararlanmağa çalışsa, partiya parçalana da bilər. Ancaq CHP bütün ziddiyyətləri bir kənara qoyub birləşsə, ortaya bütövlük qoysa, T.Ərdoğan üçün çətin olacaq. Məncə, Türkiyə prezidenti CHP-nin qurultaydan yarımcan çıxacağına ümid edərək bu prosesə start verib.
Mən Ekrem İmamoğluya azadlıq arzulayıram. Ancaq onun Türkiyə prezidenti olmasını qətiyyən istəməzdim. Niyə? Çünki AKP və MHP-dən fərqli olaraq CHP Türkiyəyə yox, yabançı güclərə bağlıdır. 2023-cü ildə keçirilən prezident seçkisində biz bunun şahidi olduq. CHP Türkiyəni bölmək istədiyini açıq şəkildə dilə gətirən, bunun təbliğatını aparan PKK-ya bağlı partiyalarla ittifaqa girmişdi.
Bəziləri deyir ki, AKP-MHP iqtidarı özü PKK lideri Abdullah Öcalan ilə danışıqlara gedir, onunla anlaşmağa çalışır. Amma bu məsələdə xeyli fərq var. CHP seçki zamini PKK yanlılarından siyasi hakimiyyətə gəlmək üçün istifadə etdi. AKP-MHP isə iqtidarda olduğu dönəmdə PKK-nı neytrallaşdırmaq üçün onunla əməkdaşlığa maraq göstərdi…
CHP təkcə PKK ilə yox, ermənilərlə də son dərəcə yaxındır. Bununla bağlı dəfələrlə yazılıb. Düşünrəm ki, bu o qədər aşkar ki heç müzakirə mövzusu da ola bilməz…
Türkiyə vətəndaşı olsam, CHP-yə heç vaxt səs vermərəm, çünki bu partiya dış güclərə bağlıdır. Məsələn, Kamal Kılıçdaroğlu prezident seçkisi zamanı deyirdi ki, Londonda danışmışam, mən prezident seçilən kimi Türkiyəyə 300 milyard funt-sterlinq sərmayə qoyacaqlar…
Azərbaycanda da CHP kimi dış güclərə bağlı olan müxalif partiyalar var. O partiyalar da Azərbaycan üçün təhlükədir. Çünki həmin partiyalar xalqın yox, hansısa bir imperialist gücün hesabına iqtidara gəlməyə can atır…
Türk Dünyasını yabançılara xidmət edən siyasi partiyalardan, jurnalistlərdən, elm və mədəniyyət xadimlərindən təmizləmək lazımdır. Onlar milli təhlükəsizliyimizə real təhlükədir…