• 24 Mart 2025 00:48

Plastik qablardan yemək qəbulu ürək çatışmazlığı riskini ARTIRIR

Çin alimlərinin apardığı yeni araşdırma plastik qablardan qida qəbulu ilə ürək çatışmazlığı riskinin artması arasında narahatedici əlaqə olduğunu aşkar edib.

 

Tacxeber.com xəbər verir ki, “Ekotoksikologiya və Ətraf Mühitin Təhlükəsizliyi” jurnalında dərc edilən araşdırmada müəyyən edilib ki, belə qablardan tez-tez istifadə bağırsaq iltihabına gətirib çıxara bilər və bu da öz növbəsində ürək-damar sisteminə mənfi təsir göstərir.

 

Tədqiqatda 55%-i qadın olmaqla, orta yaş həddi 73 olan 3179 nəfər insan arasında sorğu keçirilib. İştirakçılardan plastik qida qablarından istifadənin tezliyi və ürək-damar xəstəliklərinin, yüksək qan təzyiqi və ya aritmiya kimi risk faktorlarının mövcudluğu ilə bağlı suallar verilib.

 

Nəticələr göstərib ki, plastik qablardan yüksək istifadə tezliyi ürək çatışmazlığı riskinin 13% artması ilə əlaqələndirilir. Məlum olub ki, hər yaşda olan qadınlar, eləcə də 73 yaşdan yuxarı kişilər xüsusilə risk altındadır.

 

Tədqiqatın ikinci hissəsinə siçovullar üzərində təcrübə aparılıb. Heyvanlara əvvəllər plastik qablarla təmasda olan su, xüsusən də qaynar su verilib. Üç aydan sonra siçovullarda bağırsaq mikroflorasında dəyişikliklər və ürək əzələsinin zədələnməsi müşahidə olunub.

 

Bu, isidilən zaman plastikdən ayrılan kimyəvi maddələrin ürəyə mənfi təsir edən iltihabi proseslərə səbəb ola biləcəyini göstərir.

 

Bundan əvvəl, 2025-ci ilin yanvarında Merilend Universitetinin (ABŞ) tədqiqatçıları bisfenol A (BPA) və dietilheksil ftalat (DEHP) kimi plastikdə olan kimyəvi maddələrin ürək sağlamlığına təsirini qiymətləndiriblər. Onlar təxminən 5,4 milyon işemik ürək xəstəliyi və 346,000 ürək-damar hadisələrinin bu kimyəvi maddələrə məruz qalması ilə əlaqələndirilə biləcəyi qənaətinə gəliblər. Xüsusilə narahatedici odur ki, 55-64 yaş arası insanlar arasında təxminən 164.000 ölüm DEHP tərəfindən törədilə bilər.

 

Professor Maureen Cropper əhalinin sağlamlığını qorumaq üçün plastik qablaşdırmada zəhərli kimyəvi maddələrin istifadəsinin ciddi şəkildə tənzimlənməsinin vacibliyini vurğulayıb.

 

Bu məlumatları nəzərə alaraq, mütəxəssislər isti yeməkləri plastik qablarda isitməkdən və ya saxlamaqdan çəkinməyi tövsiyə edirlər. Xüsusilə yüksək temperaturda isinmələr zamanı şüşə və ya paslanmayan polad qablara üstünlük verilməlidir. Bu, qidaya zərərli kimyəvi maddələrin buraxılması riskini azaltmağa kömək edəcək və buna görə də ürək-damar sisteminiz üçün potensial riski azaldacaq.

Tacxeber.com

Oxşar xəbərlər