ABŞ və Çin 6-cı nəsil döyüş təyyarələri üzərində fəal işləyir, Rusiya isə hələ planlaşdırır
“Bu isə Rusiya hava qüvvələrinin texnoloji baxımdan ABŞ və Çindən geri qalacağını göstərir…”
Son illərdə döyüş aviasiyasının inkişafı yeni mərhələyə qədəm qoyub. Artıq ABŞ və Çin 6-cı nəsil döyüş təyyarələrinin yaradılması və sınaqları ilə fəal şəkildə məşğuldur. Rusiya isə hələlik yalnız bu konsept üzərində düşünür.
Tacxeber.com xəbər verir ki, bu barədə “detaly.co” nəşri məlumat yayıb.
ABŞ: F-47 və NGAD proqramı
Keçən həftə ABŞ prezidenti Donald Tramp dünyada ilk 6-cı nəsil F-47 qırıcısının yaradıldığını elan edib. Hələ 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri gələcəyin qırıcısının artıq sınaq uçuşlarını keçdiyini açıqlayıb. İndi isə Tramp Boeing şirkətinə NGAD (Next Generation Air Dominance) proqramı çərçivəsində F-47 istehsalı üçün kontrakt verildiyini bəyan edib.
NGAD proqramı 6-cı nəsil döyüş təyyarələrinin pilotsuz sistemlərlə- “kollektiv döyüş aparatları” (CCA) ilə inteqrasiyasını nəzərdə tutur. “General Atomics” və “Anduril Industries” şirkətləri tərəfindən hazırlanan bu sistemlər pilotsuz döyüş təyyarələri ilə birgə fəaliyyət göstərmək üçün dizayn edilib. Bu, hava əməliyyatlarında inqilabi dəyişikliklərə səbəb olacaq və pilotlu qırıcıların imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Trampın sözlərinə görə, F-47 “dünyada misli görünməmiş” xüsusiyyətlərə malikdir və bütün rəqiblərindən üstündür. O, qabaqcıl stels texnologiyası, yüksək manevr qabiliyyəti və güclü mühərrikləri ilə seçilir. Pentaqon bu tip təyyarədən ən azı 200 ədəd almağı planlaşdırır.
“B-21 Raider” 6-cı nəsil strateji bombardmançısı
Bundan əlavə, 10 noyabr 2023-cü ildə Kaliforniyada yerləşən “Plant 42” hava limanında “B-21 Raider” adlı 6-cı nəsil strateji bombardmançısının ilk uçuşu həyata keçirilib. “Northrop Grumman” şirkətinin məlumatına görə, “B-21 Raider” dünyanın ilk 6-cı nəsil bombardmançısıdır və 2026-cı ildən silahlanmaya daxil olacaq.
“B-2 B-1B Lancer” və “B-2” bombardmançılarını əvəz edəcək və hava hücumlarından müdafiəni yararaq istənilən nöqtəyə yüksək dəqiqlikli zərbələr endirə biləcək. Hər bir “B-21” təyyarəsinin təxminən 750 milyon dollara başa gələcəyi, ABŞ Hərbi Hava Qüvvələrinin isə ən azı 100 belə təyyarə alacağı gözlənilir.
Çin də yarışda geri qalmır
2023-cü il dekabrın 26-da Çində Çendu aviasiya zavodu yaxınlığında 6-cı nəsil qırıcı təyyarəsinin prototipinin uçuşu qeydə alınıb. Gözlənilir ki, bu təyyarə “Baidi Type-B” adlanacaq. Hələ 2022-ci ildə Çin Su-35 bazasında yeni qırıcı yaratmaq üzərində işlədiyini açıqlayıb. Çinin 6-cı nəsil qırıcısı 2035-ci ilə qədər silahlanmaya daxil ola bilər.
Rusiya hələ planlaşdırır
Rusiya mediasına görə, ölkənin ilk 6-cı nəsil döyüş təyyarəsi MiQ-41 adlı tutucu qırıcı olacaq. Lakin bu təyyarənin yalnız 2050-ci ilə yaxın hazır olacağı ehtimal edilir.
Rusiya Dövlət Aviasiya Sistemləri Tədqiqat İnstitutunun elmi rəhbəri Yevgeni Fedosov bildirib ki, hazırda 6-cı nəsil döyüş təyyarəsinin konsepsiyası üzərində araşdırmalar gedir və hərbi ekspertlərlə məsləhətləşmələr aparılır.
Fedosovun sözlərinə görə, bu təyyarənin necə olacağı və hansı silahlarla təchiz ediləcəyi hələlik bəlli deyil. O, əlavə edib ki, gələcəyin silahlı münaqişələrinin xarakteri dəyişdiyindən yeni təyyarələrin tələbləri də indidən müəyyənləşdirilməlidir.
Beləliklə, ABŞ artıq 6-cı nəsil döyüş aviasiyasının lideri kimi çıxış edir və həm qırıcı, həm də bombardmançı təyyarələrini sınaqdan keçirir. Çin də öz proqramını fəal şəkildə inkişaf etdirir və yeni nəsil qırıcının 2035-ci ilə qədər hazır olmasını planlaşdırır.