Ərdoğanla İmamoğlunun fərqli

ABŞ-ın növbəti, 47-ci prezidenti respublikaçı Donald Tramp oldu. Demokratlardan olan rəqibi Kamala Harrisin də prezident seçilmək şansı yüksək idi. Ancaq fakt odur ki, D.Tramp prezidentdir…
D.Trampın gəlişi ilə Amerikanın xarici və daxili siyasətində tektonik dəyişikliklər baş verdi. Kamala Harris prezident seçilsə idi, hər şey başqa cür olacaqdı. Yəni o, Co Baydeninin yeritdiyi siyasəti ola bilər ki, daha parlaq şəkildə həyata keçirəcəkdi. İndi Amerikanın Ukrayna, Avropa İttifaqı (Aİ) münasibəti köklü şəkildə fərqlidir. Niyə belədir? Çünki 340 milyon nəfər əhalisi olan Amerika 79 yaşlı bir qocanın verdiyi spontan qərarlar əsasında idarə olunur.
Mənim baxışıma görə, bu sistem, yəni tək bir adama bu qədər səlahiyyətin verilməsi son dərəcə yanlış bir şeydir. Ölkəni bir adam yox, kollektiv ağıl idarə etməlidir. “Məsləhətli don gen olar”, deyiblər.
Daş dövründən üzü bəri bu dünya və bu dünyadakı dövlətlər bir şəxsin qərarına bağlıdır. Bu sistem kökündən yanlışdır, dəyişməlidir.
Məsələn, mənim yaşadığım İsveçrəni 7 nəfər (fərqli partiyaların təmsilçiləri) idarə edir. Hər il İsveçrənin rəhbəri bu 7 nəfərin arasında rotasiya əsasında dəyişir. Yəni 1 adam formal olaraq İsveçrənin rəhbəri olur. Ancaq dövlət üçün önəmli olan məsələlər öncə bu 7 nəfər arasında müzakirə olunur, qərar isə konsensus əsasında verilir. İsveçrədə bu sistem mükəmməl işləyir…
Türkiyə bir nəfər tərəfindən yox, kollektiv ağılla idarə olunsaydı bu gün baş verənlər yaşanmazdı. Sayın Ərdoğan deyir ki, İmamoğlunu həbs edin. Müvafiq qurumlar da qeyri-rəsmi şəkildə verilmiş əmri icra edir. Ancaq Türkiyə də İsveçrə kimi kollektiv ağılla idarə olunsaydı ölkədə belə siyasi təlatümlər baş verməzdi.
Ərdoğanla İmamoğlunun fərqi nədir? Fərq ideologiyadan qaynaqlanır. Ərdoğan Türkiyəni islamı dəyərlər üzərində ucaltmaq istəyir. CHP isə solçu düşüncəyə sahibdir. Əslində Atatürkün yaratdığı CHP milli dəyərlərə bağlı olmalıdır. Ancaq CHP daha çox kosmopolit bir düşüncənin daşıyıcısı kimi ortadadır. Onlar etnik və dini azlıqlar üzərindən siyasət yapırlar. Məsələn, siz heç eşitmisizmi ki, hansısa CHP lideri Turandan, Türk Dünyasından danışsın? Nəsə mən xatırlamıram. AKP və MHP Türkiyəni Osmanlı keçmişinin möhtəşəm dövrünə qaytarmaq istəyir. Hər iki partiya Türk Dünyasının birləşməsinə can atır. Ancaq Turan məsələsi CHP üçün qətiyyən maraqlı deyil. Halbuki o vaxt Atatürk Naxçıvanla Türkiyənin ortaq sərhədinin olması üçün bir ətək pul verib İranla ərazi mübadiləsi etmişdi. Etmişdi ki, gələcəkdə Türkiyə ilə Azərbaycan bir araya gələ bilsin.
CHP isə Türkiyənin gələcəyini Qərbə inteqrasiyada görürlər. Əlbəttə, Qərbə inteqrasiyanın da öz üstünlükləri var. Ancaq Türkiyə Qərb üçün həmişə yad element olub, bundan sonra da yad element olaraq qalacaq. Çünki Türkiyə türk və müsəlman dövlətidir. Rəsmi Ankara 1987-ci ildə Aİ-yə üzv olmaq üçün ərizə verib, lakin namizəd sta¬tusu ona yalnız 12 il sonra – 1999-cu ildə verilib. Az qala 40 ildir ki, Türkiyə Aİ-nin qapısının ağzında qalıb. Türkiyənin Aİ-yə qəbul olmaq istəyi Qərbin qətiyyən ürəyincə deyil. Qərb Türkiyəni müti görmək istəyir, kiçik görmək istəyir…
Türkiyənin üzərinə düşən tarixi missiya İslam və Türk Dünyasını bir araya gətirməkdir. Əminəm ki, Türkiyə bunu bacarar…
Azərbaycanda nədən insanların çoxu AKP-MHP birliyini müdafiə edir? Çünki bu iki partiya II Qarabağ Müharibəsində Azərbaycana ciddi şəkildə dəstək verib. CHP-dən isə Azərbaycan elə bir dəstək görməyib. Gördüyü də təxribat olub, erməniyə yarınmaq olub.
İdeoloji baxımdan CHP düşüncəsinə yaxın olan (DYP) Süleyman Dəmirəl Kəlbəcərdən insanları çıxarmaq üçün 2 helikopter verməyib. Bu, bəlli tarixi faktdır. Kim əminliklə deyə bilər ki, Əkrəm İmamoğlu dar macalda Azərbaycana əl uzadacaq. Mən ondan belə bir qeyrətli hərəkət gözləmirəm. O, kömək etsə, erməniyə edər. Ancaq cənab Ərdoğan Azərbaycana ən yüksək səviyyədə həyan olub. İndi də yanımızdadır. Mən nağdını qoyub niyə nisyənin dalınca gedim ki? Ona görə mən yazmışdım ki, Ərdoğan dünyasın dəyişəndə (Allah ona cansağlığı versin) Azərbaycanda 3 günlük matəm elan olunmalıdır. Yəni o kişinin Azərbaycan qarşısında bu qədər böyük xidmətləri var…
Əslində Türkiyə-Azərbaycan münasibətləri siyasi liderlərin kimliyindən asılı olmamalıdır. Ancaq təəssüf ki, birinci şəxsin kimliyi fundamental dəyişikliklərə səbəb ola bilər. D.Tramp Amerika siyasətini kökündən dəyişmədimi? Əminəm ki, Ə.İmamoğlu nə vaxtsa Türkiyə prezidenti olsa, bu, Azərbaycana, deməli, bütövlükdə Türk Dünyasına ziyan gətirəcək. Çünki Türkiyənin Azərbaycanla münasibəti pozulsa, Türkistan başsız qalacaq…