• 24 Mart 2025 06:00

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir.

Hazırda dünyada baş verən prosesləri müxtəlif baxışlardan izah etmək mümkündür. Buna “ticarət müharibəsi” də deyə bilərik, “sağın yüksəlişi”-də. Çini və miqrant problemlərini də səbəb kimi göstərə bilərik. Lakin bütün bunlarla yanaşı mövcud reallığın bir də sosioloji izahı mövcuddur.

 

Bu gün siyasi sferanın göz önündəki adamlarına baxaq: Ərdoğan (1954), Tramp (1946), Şi (1953), Putin (1952), Modi (1950), Lukaşenko (1954) və s. Bu şəxslərin əksəriyyəti keçən əsrdə, böyük müharibədən sonra doğulan nəsilə mənsubdur. Post-müharibə dövründə, qalib valideynlərin və iqtisadi böyümənin içərisində imtiyazlı şəkildə böyüyüblər. Təhsilləri yaxşı olmasa da, pulları yaxşıdır. Bu generasiya hər yerdədir, ailədə, iqtisadiyyatda, siyasətdə. Hər yerdə gücü əllərində alıblar və öz dünyagörüşlərinə görə idarə edirlər.

Bir də sonrakı nəsillər var. Rifahın zəiflədiyi, sərvət bərabərsizliyinin hökm sürdüyü vaxtlarda doğulub böyüyənlər.

Bu gün hansı ölkədən olmasından asılı olmayaraq mənim yaşımdakı bir gənc üçün seçimlər bəllidir. Varlı atamız yoxdur, bu səbəblə öz həyatımızı özümüz qazanmağa məcburuq. Təhsillə sosial nərdivanda yüksələcəyimizə ümid edə bilirik. Lakin onun da bizə bəxş etdiyi qəpik-quruş olur. Ya başımızı aşağı salıb işimizi görməli, aza qane olmalıyıq. Ya da imtiyaz dalınca qaçıb, yuxarıdakılar üçün əl çatan manqurtlara çevrilməli, siyasi bağlar yaradaraq yüksəlməyə çalışmalıyıq. Bunu edərkən də şəxsiyyətimizin deqredasiyasına göz yummalıyıq.

Bu reallıq, Azərbaycanda da, Hindistanda da, Türkiyədə də insanların ortaq taleyidir. Halbuki bu nəsillərin istədiyi tək şey var: “insan ləyaqətinə uyğun həyat”. Özünü normal şəkildə reallaşdırmaq, azad hiss etmək, imtiyaz üçün kiməsə və nəyəsə yaltaqlanmamaq, başını aşağı salmamaq, sözünü deyə bilmək, hüquqsuzluğa qarşı müdafiə olunmaq və s. Ən azından aldığı təhsil, çətin şərtlərdən çıxıb bu gün gəldiyi yer, inşa etdiyi mənliyi bunu tələb edir.

Keçən əsrin mental düşüncəsi isə hər hansı dəyişiklik imkanını əlimizdən alır. Nə özümüzü reallaşdırmağa, nə də yeni fürsətlər yaratmağa imkan verir. Bir ümid işığı görən kimi dağıdır. Hər yeni nəsil onlara qarşı mübarizədə əriyir, itir, batır.

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir. Məğlublar isə 2025-ci ildə orta əsr zehniyyəti ilə idarə olunur.

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər