Tokio metropolitenində zəhərləyici zarin maddəsinin tətbiqi iləbaş verən terror hadisəsi.

30 il əvvəl dünyanın bütün xəbər agentliklərinin baş mövzusu Tokio metropolitenində baş verən hadisə idi. 1995-ci il martın 20-də burada zəhərləyici zarin maddəsinin tətbiqi ilə terror hadisəsi baş verdi.
Hücumu “Aum Sinrikyo” adlı totalitar, terrorçu dini təşkilat törətmişdi. Onun yaradıcısı Şoko Asaxara idi.
Əsl adı Çizuo Matsumoto olan Asaxara 1955-ci ildə Kyuşu adasında dünyaya gəlib. Onun sol gözü heç görmürdü, sağ gözü isə çox pis görürdü. 6 yaşı olanda valideynləri onu gözdən əlil uşaqlar üçün internat məktəbə verdilər. Burada o, həm fiziki gücü, həm də heç görməyənlər arasında qismən görməsi sayəsində liderə çevrilir və ilk dəfə hakimiyyətin dadını bilirs.
1973-cü ildə məktəbi bitirəndən sonra universitetə daxil olmaq üçün uğursuz cəhd göstərir. Sonra iynə terapiyası və ənənəvi Çin təbabəti ilə məşğul olur. 1982-ci ildə lisenziyasız tbbi praktika ilə məşğul olmasına və saxta dərmanlar satmasına görə həbs edilir, 200 min yen cərimə olunur.
Müflis olan Çizuo ailəsini dolandırmaq üçün dinə tərəf yıxılır və burada bəlkə də ağlına gətirə bilməyəcəyi uğur qazanır. 1984-cü ildə özünə Şoko Asaxara adını götürür və “Aum Sinrikyo” (Ali həqiqət) adlı dini qrup yaradır.
Təşkilatıın əsas mifi bundan ibarət idi ki, tezliklə Üçüncü dünya müharibəsi və onun nəticəsində “nüvə Armageddon”u yaşanacaq və yalnız “Aum Sinrikyo” üzvləri xilas olacaq. Asaxara “qəsd nəzəriyyəsi”ni də unutmur, dünyanı idarə edən güclər mifini istismar edir. Güclü və ağıllı reklam kampaniyası qrupun sürətlə böyüməsinə səbəb olur.
Təşkilatda totalitar qaydalar hökm sürürdü. Ali rəhbərə dinməz-söyləməz itaət etməli idin. Ağıllı qövm sayılan minlərlə yapon da itaət edirdi. Xeyli hissəsi kollec və universitet məzunu olan üzvlər Asaxaraya ali varlıq kimi baxırdılar. Bəzilər bütün var-dövlətini quruya bağışlayırdı. Nəticədə, Asaxara zirehli Mersedesdə gəzirdi, bahalı yaxtada istirahət edirdi, Yaponiyada və xaricdə bir çox biznes obyektinə malik idi. “Aum Sinrikyo” qısa müddət ərzində yüzmilyonlarla dollar aktivi olan imperiyaya çevrilmişdi.
Bəsirət gözü açılıb təşkilatı tərk etməyə çalışanlar isə cəzalandırılırdı. İmperiyanın çöküşü də bununla bağlı oldu. Təşkilatdan qaçan bir nəfərin qardaşını 1995-ci ilin fevralında tutub işgəncələrdən sonra öldürdülər. “Aum Sinrikyo”dan əvvəllər də şikayət alan polis martın son dekadasında təşkilata qarşı reyd planlaşdırdı.
Asaxaranın isə hətta polisdə və orduda adamları vardı. Reyd barədə öncədən xəbər tutub özü hücuma keçməyi qərara aldı. Yəqin ki, artıq özü də özünü fövqəladə insan saymağa başlamışdı.
Martın 20-də “Aum Sinrikyo” üzvləri Tokio metrosunun beş qatarında zarin hücumu həyata keçirdilər: onlar içində zarin olan iki paketlə vaqona daxil olur, paketləri yerə qoyur, vaqondan çıxarkən çətirin itilənmiş ucu ilə paketi deşirdilər və vaqona zarin yayılırdı. Nəticədə 13 nəfər öldü, yüzlərlə adam xəsarət aldı.
Terror hadisəsindən sonra hökumət “Aum Sinrikyo” üzərinə hücuma keçdi, xeyli adam tutuldu. Gizlənən Şoko Asaxara mayda həbs edildi.
Məhkəmə prosesi 7 ildən çox davam etdi. Asaxara 17 ittihamdan 13-ü, o cümlədən metro ilə bağlı olmayan qətllər üzrə günahkar bilindi. O və hücumu bilavasitə həyata keçirən daha beş nəfər edama məhkum edildilər və 2018-ci ildə asıldılar.