Əkrəm İmamoğlu prezidentliyə namizəd oldu.
O, ilkin seçkilərin alternativsiz namizədi olub.
İstanbul bələdiyyəsinin həbs olunmuş sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə rəsmi namizədi elan edilib. Bu barədə partiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var!” başlıqlı paylaşım “Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu” yazılı şəkillə müşayiət olunub.
2025-ci il martın 23-də, Əkrəm İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. Bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.
İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. İmamoğlu ilə yanaşı aralarında iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxs də saxlanılıb.
Onlara qarşı ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik və üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması daxildir.
Əkrəm İmamoğlu 2025-ci il martın 19-da saxlanılıb. İmamoğlu korrupsiya və digər maddələrlə ittiham olunsa da, özü ittihamları rədd edir.
Avropa İttifaqı bu addımın “dərin narahatlıq” yaratdığını bildirib.
İmamoğlunun həbsi ölkədə siyasi gərginliyi artırıb, etirazlara səbəb olub. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. İstanbulda izdiham təhlükəsizlik əməkdaşlarına fişəng, başqa əşyalar atıb.
Bir sıra Avropa ölkələri İstanbulda baş verənlərdən narahatlıq bildirib. Tənqidçilər İmamoğlunun saxlanmasını siyasi motivli sayır, məqsədin növbəti prezident seçkisində Ərdoğanın əsas rəqibini indidən kənarlaşdırmaq olduğunu deyirlər.
Hökumət ittihamları rədd edir, məhkəmələrin müstəqil orqanlar olduğunu bildirir.
İmamoğlu bəzi rəy sorğularında Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğandan öndə gəlir.
Növbəti prezident seçkisi 2028-ci ildə keçirilməlidir. Ərdoğan artıq iki dəfə prezident seçilib. O, yenidən seçkiyə qatılmaq üçün ya erkən seçki təyin etməli, ya da konstitusiyanı dəyişməlidir.