Türkiyədə gənc nəsillər ildən-ilə seçici hovuzuna daxil olmaqla siyasətin sosiologiyasını dəyişir.

Dünən CHP-nin keçirdiyi ilkin seçkidə (ön seçim) 15,5 milyona yaxın vətəndaş iştirak edib, səs verdi.
Ədalət və İnkişaf Partiyasının (AKP) son seçkilərdə (31 mart, 2024 ) Türkiyə miqyasında aldığı səs bələdiyyə başqanlıqları üzrə 16 milyon 300 min, bələdiyyə məclisləri üzrə 14 milyon 800 min olub.
Nəzərə almaq lazımdır ki, CHP üzvü olmayanların ilkin seçkidə iştirakı yalnız son 2 gündə qərarlaşdırıldı və bu barədə lazımi səviyyədə təbliğat aparmağa imkan olmadı. Fiziki şərait də çox məhdud idi, seçki məntəqələri yalnız CHP yerli təşkilatlarının binalarında yaradılmışdı. Buna rəğmən 15,5 milyon seçici kifayət qədər yüksək rəqəmdir.
CHP-nin ilkin seçkisi yeganə iddiaçının təsdiqlənəcəyi partiyadaxili lokal plebissit olacaqkən 19 mart əməliyyatından sonra həm böyük sivil itaətsizlik aksiyasına çevrildi, həm də iqtidar üçün legitimlik mübahisələri yaratdı. Repressiyalar CHP içərisində və ətrafında konsolidasiyaya səbəb oldu.
Türkiyədə artıq elə vəziyyət yaranıb ki, seçici davranışlarının müəyyənləşməsində ideoloji motivlər arxa plana keçir. Uzunmüddətli hakimiyyətin səbəb olduğu dekonstruksiya, bütün sahələrdə hökm sürən ağır böhran, sosial ədalətsizlik və avtoritar basqı mühiti dəyişikliyə güclü tələbat yaradıb. Gənc nəsillər ildən-ilə seçici hovuzuna daxil olmaqla siyasətin sosiologiyasını dəyişdirir. Cəmiyyətin dəyişiklik tələbi 2023-cü il prezident-parlament seçkiləri ərəfəsində də var idi, o vaxtkı müxalifət liderlərinin bəsirətsizliyi, hətta xəyanəti üzündən gerçəkləşmədi. Müxalif elitanın dəyişməsi cəmi 10 ay sonrakı yerli hakimiyyət seçkisində öz effektini göstərdi. Təsadüfi deyil ki, indi Ankaranın qaranlıq dəhlizlərində CHP-nin son (noyabr, 2023) hesabat-seçki qurultayının nəticələrinin ləğvi yönündə cəhdlər var.
Hazırda dəyişiklik istəyən əhali təbəqələri içərisində CHP-nin ideoloji platformasını bölüşməyənlər də müxalifətin bayraqdarı olduğundan, iqtidar qarşısında onu gücləndirmək ehtiyacı hiss edərək CHP-yə meyllənir. Sol-mərkəzçi CHP bu meyllənmələrə adekvat reaksiya verərək mərkəz sağa açılır, o cümlədən sekulyar-atatürkçü millətçilərə (elita yox, aşağılar səviyyəsində) xitab edərək bütün bu kütlələri öz elektoral hovuzunda toplamağa çalışır. Əkrəm İmamoğlu və Mansur Yavaş fiqurları bu baxımdan qiymətli resursdur.
Əslində bəhs etdiyimiz meyllənməni 1 il əvvəlki seçkilərdə müşahidə etdik, CHP laik-sekulyar kəsimin çoxluqda olduğu meqapolislərlə yanaşı, bəzi mühafizəkar-millətçi Anadolu vilayətlərini də qazanaraq ölkə miqyasında 38%-ə yaxın səs aldı.
Seçici davranışlarındakı bu tendensiya önümüzdəki seçkilərdə də böyük ehtimalla özünü büruzə verəcək: bir şərtlə ki, CHP öz firqəçilik kültürünə uyğun olaraq iç hesablaşmalara sürüklənib, ayağına güllə sıxmasın.
Türkiyə toplumun erkən seçki basqısının iqtidar üzərində getdikcə daha çox hiss ediləcəyi dönəmə daxil olub.