• 31 Mart 2025 10:00

Ağcabədidə 13 yaşlı qız ana oldu, 23 yaşlı “ata” şərti cəza aldı

Ağcabədi rayonunda 13 yaşında ana olan qız ailəsinə təhvil verilib. 

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Oxu.az”a bildirib.

 

Martın 20-də mətbuatda yayılan xəbərdə bildirilirdi ki, Ağcabədidə ailəsi 13 yaşlı qızlarını 23 yaşlı şəxslə qeyri-rəsmi evləndirmək üçün toy məclisi təşkil edib.

13 yaşlı qız uşaq dünyaya gətirib və faktla bağlı cinayət işi getməyinə baxmayaraq, yeniyetmə ilə cinsi əlaqədə olmuş 23 yaşlı şəxs polis nəzarətinə verilməklə azadlığa buraxılıb. Buna səbəb kimi isə yeniyetmənin və valideynlərinin şikayətçi olmaması göstərilib.

 

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə martın 25-də sosial media hesabında açıqlayıb ki, 23 yaşlı şəxs barəsində məhkəmənin hökmü ilə 1 il sınaq müddəti olmaqla 6 il azadlıqdan məhrumetmə cəzası verilib. O əlavə edib ki, cinayətkar öz evində 13 yaşlı qızla birgə yaşamağa davam edir və onunla evlənmək üçün 18 yaşının tamam olmasını gözləyir.

Daha öncə valideynlərinin yeniyetmədən imtina etdiyi xəbər verilmişdi.

 

DİN qeyd edib ki, qızın valideynləri “polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb” və yeniyetmə ailəsinə təhvil verilib.

Vəkil Fariz Namazlı “OC Media”ya bildirib ki, 14 yaşına çatmamış şəxslə, hətta onun razılığı ilə cinsi əlaqədə olmaq cinayət məsuliyyətinə səbəb olur. “Bu halda onun bu münasibətə hansı formada razılıq verdiyinə diqqət yetirilməlidir. O, könüllü razılıq versə də, mahiyyətini başa düşməsə belə, bu, zorlama sayılmalıdır”, vəkil qeyd edib.

 

Hadisə və cinayətkarın cəzalandırılmaması fəalların və sosial media istifadəçilərinin tənqidinə səbəb olub.

Feminist fəal Gülnara Mehdiyeva “Facebook” səhifəsində Prezident İlham Əliyevə müraciət edib.

“Siz bu ilki 8 Mart təbrikinizdə qadınların ailə dəyərlərində rolundan danışmısınız. Sizin “ailə” dediyiniz budur? 13 yaşlı uşaqların uşaq dünyaya gətirərək qurduğu “ailələr”? Siz gənclərin milli ideallara uyğun böyüdülməsindən danışmısınız. Milli ideallara uyğun böyüdülmək uşaqların özlərindən 10 yaş böyük insanların yatağına atılaraq uşaq dünyaya gətirmələridirmi?”, deyə o sual edib.

 

Mehdiyeva əlavə edib ki, 13 yaşlı uşağın başına gətirilən cinayət araşdırılmalıdır. “İcazə verməməliyik ki, bu cür cinayətlər normallaşdırılsın. Biz bu cinayətlərə reaksiya verərək onların qarşısını ala bilərik,” o qeyd edib.

Azərbaycan qanunvericiliyinə görə, 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan azyaşlı ilə cinsi əlaqəyə görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Tacxeber.com

Oxşar xəbərlər