• 31 Mart 2025 03:51

Bunlar Əfqanıstanda, Suriyada yox Azərbaycanda baş verir.

On gün öncə Bahar Muradova BMT-də çıxış edib demişdi ki, Azərbaycan gender siyasətində dünya üçün “model”-dir. Bu çıxışının üstündən bir həftə keçməmiş məlum oldu ki, “model” ölkədə 13 yaşlı qız ana olub. Nə normal rəsmi reaksiya var, nə bir izahat var, nə də məsuliyyətə cəlb olunan var. Sanki belə də olmalıdır. Lakin bu hələ tamaşanın bağlanğıcıdır. Yaxın oturun.

 

Statistika komitəsi təkcə 2023-cü ildə 15-17 yaşlı analar tərəfindən 1742 uşağın dünyaya gətirildiyini deyir. 9 ay hamiləliyi, üstəlik 2 ay da dini bayramları çıxsaq, bu gənc anaların yaşı daha da azalır. 15-16 yaş. Bu yaşdakı qızlar ya erkən evliliyə məcbur edilir, ya təcavüzə məruz qalır. Özləri uşaq ikən dönüb ana olurlar.

 

Bahar Muradovanın təşkilatı isə öz hesabatlarında eyni il üçün erkən evliliklərin sayını 223 olaraq göstərir. Yəni ölkədə baş verən erkən evliliklərin 4/5-dən Bahar Muradova xəbərsizdir. Üstəlik son 4 ildə gender bərabərliyi ilə bağlı 2 “milli strateji plan” icra edilib. Palaz-palaz hesabatlar dərc olunub, müzakirələr aparılıb. İndi isə heç kəs məsuliyyəti üstünə götürmür.

 

Bizi aldatmağı, gözümüzə kül üfürməyi başa düşə bilərəm. Amma BMT-yə çıxıb, bütün dünyaya “model” təklif etmək cəsarətini anlaya bilmirəm. Biri də çıxıb hörmətli komitə sədrinə demir ki, nəynən Alış?

 

Vallah, bunlar Əfqanıstanda, Suriyada baş vermir. Bizim ölkəmizdə, yaşadığımız cəmiyyətdə baş verir. Desəm, gücləri çatmır qarşısını almağa, xəbərsizdirlər, vallah, elə deyil. Yernən, göynən əlləşirik, regional, qlobal siyasətə yön veririk. Amma 13 yaşlı bir uşağın, daha doğrusu 1700 uşağın gələcəyinin məhv edilməsinin qarşısını ala bilmirik.

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər