D. Tramp: “Rusiya ataşkəsi qəsdən gecikdirir”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Ukrayna ilə atəşkəs sazişinin imzalanmasını qəsdən gecikdirir.
“Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, lakin vaxtı uzadır. Mən də illərlə belə etmişəm: “Müqavilə imzalamaq istəmirəm, oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək niyyətində deyiləm”. Buna tam əmin deyiləm. Lakin yenə də düşünürəm ki, Rusiya bu münaqişənin başa çatmasını istəyərdi və Zelenski də buna son qoyulmasını istərdi,” – deyə Tramp “Newsmax” televiziya kanalına verdiyi müsahibəsində bildirib.
O əlavə edib ki, orta hesabla hər həftə münaqişə tərəfləri ümumilikdə 2500 hərbçi itirir.
“Cəbhə xəttindən gələn fotoları görürəm, lakin onlara baxmamağı üstün tutardım. Hər yerdə qollar, ayaqlar və başlar var,” – deyə Tramp qeyd edib və vurğulayıb ki, o, sadəcə olaraq müharibənin bitməsini istəyir.
Bundan əlavə, Tramp istifadə olunan silahları “tamamilə absurd” adlandıraraq, havaya qaldırılan pilotsuz uçuş aparatlarının sayına diqqət çəkib.
Martın 11-də ABŞ Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı bütün cəbhə xətti boyunca 30 günlük atəşkəsin tətbiq olunmasını təklif edib. Ukrayna bu təklifi dəstəkləyib. Donald Tramp telefon vasitəsilə Vladimir Putinin razılığını almağa ümid edirdi, lakin onların danışığından sonra yalnız enerji infrastrukturuna endirilən zərbələrin dayandırılmasına hazırlıq barədə açıqlama verilib. Putin mətbuat konfransında atəşkəs ideyasını bəyəndiyini, lakin “çoxsaylı nüansların mövcud olduğunu” bildirib.
Martın 23-də ABŞ nümayəndə heyəti Ukrayna rəsmiləri ilə yenidən görüşüb. Görüşün detalları hələ açıqlanmasa da, hər iki tərəf onu konstruktiv hesab edib.
“Bu dəfə görüş daha çox texniki xarakter daşıyır. Burada bizim hərbçilərimiz, diplomatlarımız, Energetika Nazirliyimizin nümayəndələri iştirak edirlər. Lakin tərəfdaşlarımızla hansı mövzularda müzakirələr aparmağımızdan asılı olmayaraq, Putini zərbələri dayandırmaq barədə əmr verməyə məcbur etmək lazımdır. Bu müharibəni başlayan tərəf onu bitirmək məsuliyyətini də daşımalıdır,” – deyə Ukrayna prezidenti Volodimir Zelenski görüşü şərh edib. (AbzasMedia)