Həkim xəbərdarlıq etdi: Bu şəxslər 3 gündən çox bayram şirniyyatı yeməsin

“Bayramda 1-2 gün şəkərbura, paxlava və s. yeyin. Ən çoxu 3 gün olar. Ay sonuna kimi tətil olması elə hər gün bayram eləmək anlamına gəlməz. Bişirdikləriniz bitməyibsə, paylayın bitsin”.
Tacxeber.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, xüsusilə süd verən anaları bayram şirniyyatlarından uzaq durmağa çağırıb.
“Çox az görünə bilər, amma bizim ənənəvi paxlava ölçü və içindəki yağ, şəkər, qoz baxımından bir nəfər üçün əslində çoxdur. Şəkərli diabetimiz olmasa belə çoxlu yağ, şəkər mədəaltı vəzimizi yükləyir, öd sistemini sürətli çalışmağa məcbur edir. Hələ gün ərzində yeyilən digər şirniyyatlar, yağla zəngin ləpələr, yağlı plov və s.
Hamilələrdə son aylarda mexaniki və hormonal səbəbdən öd durğunluğunu nəzərə alıb bu qidaların miqdarına diqqət etməliyik.
Süd verən ananın da həzm sistemindəki yüklənmə uşağın dərisində səpkilər, qızartılar, kakasında selik, bağırsağında sancı şəklində özünü göstərir”.
Mütəxəssisin sözlərinə görə, uşaqların da çox şirniyat yeməsi lazım deyil:
“Bəzən analar deyir ki, uşaq şirniyyat yemir ki, bir dəfə dişləyib atır. Əslində, bu, normaldır. O bir dişlək paxlava ya şəkərburada uşaq özünə kifayət edən dozada yağ, şəkər alır və gün ərzində yemək istəməməsi təbiidir. Yəni doyur və meyvə-tərəvəz istəmir.
Ona görə şirniyyatlı günləri uzatmamalıyıq ki, normal qida vərdişləri pozulmasın. Uşaqlarda allergik fon güclənir, qəbizlik yaranır, şəkərin qidalandırdığı göbələk artdığından uşaqlar əsəbi, qıcıqlı olur, öd yollarında daş, polip, diskineziya olan uşaqlar və böyüklərdə kəskinləşmə halları ola bilər.