• 29 Mart 2025 12:52

Mansur Yavaş-Əkrəm İmamoğlu ixtilafı

Türkiyədəki siyasi çaxnaşma Azərbaycanda narahatlıq doğurub. Xüsusən sosial şəbəkələrdə bu məsələyə aşırı diqqət var.

 

Əkrəm İmamoğlu tərəfdarları belə bir təəssürat yaratmağa çalışır ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrini müdafiə edənlər demokratlardır. Tayyib Ərdoğanı müdafiə edənlər isə diktaturanın, tiraniyanın yanındadır.

 

Mənim üçün bu və ya digər siyasətçinin dəyəri onun Azərbaycana münasibətindən asılıdır. Yəni ölçü vahidi Azərbaycandır. Fakt budur ki, II Qarabağ müharibəsindən üzü bəri Ərdoğan Türkiyəsi bütün ağırlığı ilə Azərbaycanın yanındadır. Türkiyə-Azərbaycan ittifaqı arxasında Qərb, Rusiya və İranın durduğu erməni separatizmini rəzil elədi. O da aydındır ki, nə qədər sayın Ərdoğan prezidentdir Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olacaq. Bu arada mən öz payıma sayın Baxçalıya xüsusi təşəkkür edirəm. Əminəm ki, məhz onun qətiyyəti nəticəsində Türkiyə Azərbaycanla bu qədər yaxınlaşdı, qaynayıb qarışdı.

 

Nə yazıq ki, Azərbaycan sayın Baxçalıya qarşı son dərəcə sayqısız bir davranış sərgilədi. O, Şuşada Üzeyir bəyin adına bir məktəb tikdirmək istəyirdi. Bu xeyirxah işə imkan vermədilər. Ancaq sayın Baxçalı buna rəğmən həmişə Azərbaycanın yanında oldu. Sayın Baxçalının Azərbaycan qarşısında xidmətini kiçiltmək, onu heçə saymaq bağışlanılmaz bir xətadır. Ancaq mənim əminəm ki, bütün Azərbaycan Dövlət bəyin əleyhinə qalxsa belə o, odlar yurdundan üz döndərməz. Çünki o, əsl türk millətçisidir…

 

Sözüm onda deyil. Mən CHP-yə inanmıram. Çünki CHP Azərbaycana münasibətdə səmimi olmayıb, ölkəmizin əleyhinə müxtəlif təxribatlarda yer alıb. Əvvəlki statuslarımda bu barədə ətraflı yazmışam…

 

Ancaq mənim CHP-də inandığım bir şəxs var. O da Mansur Yavaşdır. Məsələn, Türkiyədə 3 il sonra keçiriləcək seçkidə Tayyib Ərdoğan yox, Mansur Yavaş prezident seçilsə mən buna görə qətiyyən narahat olmaram. Çünki Mansur bəy Türkiyə-Azərbaycan ilişkilərinə zərrə qədər də kölgə salmaz. Belə şeylərə cəhd edənlərin isə qarşısını qətiyyətlə alar.

 

Təəssüf ki, Əkrəm İmamoğlu haqqında belə inamla danışmaq olmur. Ümumiyyətlə, mən ona inanmıram. Əminəm ki, o, prezident olsa, Türkiyə-Azərbaycan münasibətləri sıradan çıxacaq. Əlbəttə, CHP-də də Azərbaycanı sevən qüvvələr var. Ancaq onlar azlıqdadır.

 

Şəxsən mən arzu edərdim ki, böyük Atatürkün partiyası olan və köklü ideoloji transformasiyalara uğrayan CHP-də Mansur Yavaş kimi türk kimliyinə sahib olan siysətçilər çox olsun. Yəni CHP yaranış dövründə olan dəyərlərə, məsələn, nə mutlu türkəm deyənə, düşüncəsinə qayıtsın. Fakt isə odur ki, hazırkı CHP daha çox kosmopolit bir yapıya sahibdir. Etnik, dini, hətta cinsi azlıqların maraqlarından çıxış edir…

 

Mansur Yavaş və Əkrəm İmamoğlu ilə bağlı bəzi faktları xatırlatmaq istəyirəm. Onu da qeyd edim ki, Əkrəm İmamoğlu Mansur Yavaşı prezident seçkisindən kənarda qoymaq üçün martın 8-də İzmirdə mitinq düzənlədi. “Erdoğan, atı alan Üsküdar’ı geçti. Senin dönemin bitti” deyibən özünü CHP-nin vahid namizədi kimi ortaya atdı. Patiyanı fakt qarşısında qoydu…

 

Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşın (1955) MHP keçmişi var. O, 2013-ü ildə MHP-ni tərk edərək CHP-yə daxil olub.

2019-cu ildə Ankara Bələdiyyəsi başçısı olmaq üçün seçkiyə qatılıb və 50.93 faiz səslə seçkini qazanıb. 2024-cü ildə isə o, eyni yerdə 60.38 faiz səslə qalib elan olunub. İkinci seçkidə Mansur bəy 10 faiz artıq səs yığıb. Xatırladım ki, Ankaranın 5.8 milyon nəfər əhalisi var.

 

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu (1970) 2008-ci ildə CHP-yə qoşulub. İstanbul Bələdiyyəsi uğrunda keçirilən seçkidə-2019-cu ildə 48.77 faiz səs yığıb. 2024-cü ildə isə İstanbuldan 51.21 faiz səs alıb. Burada da irəliləyiş var, ancaq bu artım 3 faizdən azdır. İstanbulun əhalisi isə 15.7 milyon nəfərdir.

 

Bir önəmli detalı da deyim: O, Şimali Kiprdəki Girne Amerika Universitetində təhsil alıb. Bax o diplom məsələsinin də kökü ora gedib çıxır…

Mansur Yavaş və Əkrəm İmamoğlu arasında bəlli bir ixtilaf var. Əminəm ki, bu ixtilaf həm də ideoloji əsaslara söykənir. Mən Mansur bəyin tərəfindəyəm, hesab edirəm ki, CHP-nin prezidentliyə namizdi o olmalıdır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər