• 03 Aprel 2025 03:14

Yadigar Sadıqlı: “Martın 24-də almanlar burada 335 italiyalını güllələdilər”

Roma yaxınlığında yerləşən Ardeatin mağaraları.

 

1944-cü il martın 24-də almanlar burada 335 italiyalını güllələdilər.

 

İkinci dünya müharibəsində Almaniyanın müttəfiqi olan İtaliyanın vəziyyəti 1943-cü ilin yayında ağırlaşdı. İyulun 10-da Qərb müttəfiqləri Siciliyaya qoşun çıxardılar. İyulun 24-də Böyük faşist şurası baş nazir Benito Mussoliniyə etimadsızlıq göstərdi. Duçe ertəsi gün həbs olundu və marşal Pyetro Badalyo baş nazir təyin edildi.

Yeni baş nazir almanları əmin etdi ki, İtaliya müharibədə iştirakın davam etdirəcək. Gerçəkdə isə Qərb müttəfiqləri ilə gizli danışıqlar aparıldı. Sentyabrın 3-də İtaliya və müttəfiqlər arasında atəşkəs müqaviləsi imzalandı. Badalyo bunu beş gün sonra, sentyabrın 8-də elan etdi.

 

Adolf H-r zatən Badalyonun vədinə inanmamışdı və İtaliyanın müharibədən çıxacağı halda ərazisini işğal etmək üçün əməliyyat hazırlamağı tapşırmışdı. “Achse” (Məhvər) adı verilən bu əməliyyat atəşkəsin elan edilməsindən dərhal sonra işə salındı. Almanlar 11 gün ərzində paytaxt Roma da daxil olmaqla ölkənin şimalında və mərkəzindəki əraziləri tutdular. Ölkənin cənubuna isə artıq müttəfiqlər nəzarət edirdilər.

 

Sentyabrın 12-də alman xüsusi təyinatlıları uğurlu əməliyyat keçirərək Mussolininin həbsdən azad etdilər.

 

***

1944-cü il martın 23-də “Cənubi Tirol” polis alayının bir bölüyü darısqal Via Rasella küçəsindən keçərkən pusquya düşdülər. Hücum edənlər GAP (Gruppo d’Azione Patriottica) təşkilatına aid kommunist partizanlar idi. Zibil arabasında gizlədilmiş bombanın partlaması və açılan atəş nəticəsində bölüyün 26 əsgəri dərhal, daha 7 əsgəri isə sonrakı saatlarda öldülər. Almanlar cavab tədbiri kimi hər ölən əsgər müqabilində 10 italiyalımı öldürməyi qərara aldılar.

 

330 nəfəri toplamaq isə asan olmadı. Belə ki, almanlar küçədə əllərinə keçənləri güllələmiridlər. Həbsdə olan, güllələnməyə və ya ömürlük həbsə məhkum olunmuş adamlar axtarırdılar. Belələri isə çox az idi. O zaman ölüm cəzası nəzərdə tutan cinayətlərdə günahlandırılan, amma hələ məhkəmə qarşısına çıxarılmayan adamlar, Auşvitsə deportasiya edilmək üçün saxlanılmış 75 Roma yəhudisi də siyahıya əlavə edildilər. Siyahı dolmayanda yüngül əməllərdə ittiham edilənlər də əlavə olundular. Nəticədə nəinki tələb olunan 330 nəfər, hətta 5 nəfər də artıq adamdan ibarət siyahı tutuldu. Hər kəsin adının qarşısında günahlandırıldıqları əməl yazılmışdı. Yəhudilərin qarşısında isə sadəcə “yəhudi” yazılırdı.

 

Ardeatin mağaralarına aparılan girovlar saat 15:30-dan sonra beş-beş içəri salınırdı. Burada onların adı soruşulur, siyahı ilə yoxlanılır, diz üstə çökdürülərək boyuna atəşlə öldürülürdülər.

Ardeatin qətliamına cavabdeh olan bəzi şəxslər müharibədən sonra məsuliyyətə cəlb edildilər. Romanın komendantı Kurt Melzer əvvəlcə edama məhkum edildi, sonra cəzası ömürlüklə əvəzləndi. 1952-ci ildə həbsdə öldü.

 

Romada SD və təhlükəsizlik polisinə rəhbərlik edən Herbert Kappler ömürlük həbsə məhkum edildi. 1977-ci ildə xərçəng xəstəliyinə görə Romada hospitala yerləşdirildi və buradan Almaniyaya qaçdı. 6 ay sonra öldü.

Qətllərə bilavasitə rəhbərlik edən Erix Pribke müharibədən sonra əsir düşərgəsindən qaçdı və Argentinada gizləndi. 1994-cü ildə həbs olundu, 1996-cı ildə İtaliyaya ekstradisiya edildi. Onu daha çox artıq beş nəfərin ölümündə günahlandırırdılar. Ömürlük həbsə məhkum edilən Pribke 2013-cü ildə 100 yaşında öldü.

 

Ardeatin qətliamında öldürülən 335 nəfərdən 328-nin şəxsiyyəti müəyyənləşdirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər