Azərbaycanda daha iki min eşşək yoxa çıxdı
Azərbaycanda eşşəklərin sayında azalma davam edir.
Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində 12 709 baş eşşək olub.
Bu göstərici ötən illə müqayisədə 2 215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.
Ötən il eşşəklərin böyük hissəsinin – 68 faizinin yaşı 3 və daha çox olub.
Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1 151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1 362 baş eşşək olub.
İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1 284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.