• 01 Aprel 2025 03:20

“DADAŞ N.” MMC-də Qanunsuz Əməl: İşçilərin Haqları Pozulur – ŞİKAYƏT! 

Çalısdığı müəssisədə haqsızlıqla üzləşdiyini iddia edən Ramil Xələfov ad-soyadlı izləyicimiz bizə yazır:

 

“Mən, Ramil Xələfov, 2018-ci il avqustun 23-dən etibarən DADAŞ N. MMC-də əmək müqaviləsi ilə çalışıram. Lakin 19 mart 2025-ci il tarixində müəssisənin 1 maydan etibarən Xankəndində fəaliyyət göstərəcəyi bəhanəsi ilə işdən azad olunmuşam.

 

İşdən çıxarılma prosesim belə olub:

Məni ofisə çağıraraq Xankəndində işləmək üçün imza atmadığımı soruşdular. Bildirdim ki, şəxsi səbəblərə görə ora köçmək mənim üçün mümkün deyil. Bu zaman müəssisənin baş mühasibinə göstəriş verildi ki, mənə üç aylıq təzminat ödənilsin və işdən çıxarılsın. Mən də razılaşaraq işimin başına qayıtdım.

 

Bir qədər sonra yenidən çağırıldım və müəssisə rəhbəri əvvəlki sözlərindən dönərək ərizə yazıb işdən çıxmağımı tələb etdi, əks halda, “statya” (nizamnamə pozuntusu) ilə çıxarılacağımı bildirdi. Mən isə ərizə yazmaqdan imtina etdim və qanunvericiliyə əsasən işdən çıxarıldığım üçün təzminat tələb etdim. Müəssisə rəhbəri Dadaşov Nəsimi açıq şəkildə təzminat ödəməyəcəyini və məni “statya” ilə işdən çıxaracağını dedi.

 

Bundan sonra müəssisənin baş mühasibi mənə yaxınlaşıb bildirdi ki, müdür yalnız o halda problem yaratmayacaq ki, öz ərizəm ilə işdən çıxım. Lakin mən bu təklifi qəbul etmədim.

 

Hal-hazırda əmək müqaviləmə qanunsuz şəkildə xitam verilib.

Bundan əlavə, DADAŞ N. MMC-nin rəhbəri Dadaşov Nəsimi uzun illərdir işçilərin hüquqlarını kobud şəkildə pozur və vergidən yayınır:

 

 İşçilərin əməkhaqqı yarım ştat kimi sənədləşdirilir, amma 10-11 saat işlədilir.

 Artıq iş saatlarına görə ödəniş edilmir.

İşçilərə məzuniyyət verilmir.

 Həftəlik 5 günlük iş rejimi göstərilsə də, əslində 6 gün işlədilir, lakin əlavə iş gününün pulu ödənilmir.

 

İşçilər rəsmi sənədlərdə 2024-cü ildən işləyirmiş kimi göstərilir, halbuki bir çoxu illərdir orada çalışır.

Mən və digər işçilər bu cür qanunsuzluqlara artıq illərdir məruz qalırıq və aidiyyəti dövlət qurumlarının bu məsələyə müdaxilə etməsini tələb edirik”.

 

P.S. Tacxeber.com olaraq mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini paylaşmağa hazırıq.

Tacxeber.com

Oxşar xəbərlər